Milli Məclisin deputatı Azər Allahverənov aqroparklarda xarici mütəxəssislərin cəlb olunması ilə yanaşı, yerli kadrların peşəkar hazırlığına da xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Deputat bu gün parlamentdə çıxışı zamanı əmək miqrasiyası sahəsində idarəetmənin çevikliyinin və səmərəliliyinin artırılmasına xidmət edən qanun layihəsinin əhəmiyyətindən danışıb.

O bildirib ki, texnoparklarda yüksək ixtisaslı İKT mütəxəssislərinin cəlb olunması ilə bağlı yaradılmış əlverişli şərait bu sahədə mühüm nəticələr əldə edilməsinə imkan verib. Eyni yanaşmanın aqroparklar üçün də əhəmiyyətli olduğunu deyən deputat qeyd edib ki, fermer təsərrüfatları məhsuldarlığı qısa müddətdə artırmaq məqsədilə qabaqcıl xarici texnologiyaları tətbiq etməyə çalışırlar.

Azər Allahverənovun sözlərinə görə, yerli təhsil sistemində müasir xarici texnologiyalar üzrə mütəxəssislərin hazırlanması müəyyən vaxt tələb etdiyindən aqrar sektorda aqronom, baytar və digər ixtisaslı kadrlara ehtiyacın ödənilməsi üçün xarici mütəxəssislərin cəlb edilməsi zərurəti yaranır.

Deputat vurğulayıb ki, qanunvericilikdə nəzərdə tutulan sadələşdirmələr bu prosesi sürətləndirə, iş icazəsi ilə bağlı prosedurları aradan qaldırmaqla mütəxəssislərin daha çevik cəlb edilməsinə şərait yarada bilər.

Bununla yanaşı, o, xarici mütəxəssislərlə müqavilə bağlayan şirkətlərin üzərinə yerli kadrların hazırlanması və biliklərin ötürülməsi ilə bağlı öhdəliklərin qoyulmasını təklif edib.

Deputat bu baxımdan neft-qaz sektorunun təcrübəsini nümunə göstərib. Bildirib ki, 1990-cı illərdə BP-də çalışan mütəxəssislərin təxminən 95 faizi əcnəbilərdən, 5 faizi isə yerli kadrlardan ibarət olub. Sonrakı mərhələdə şirkətlərin üzərinə qoyulan öhdəliklər nəticəsində vəziyyət dəyişib və hazırda əməkdaşların təxminən 95 faizini yerli mütəxəssislər təşkil edir.

Azər Allahverənov hesab edir ki, aqrar sektorda da oxşar mexanizmin tətbiqi xarici təcrübənin mənimsənilməsinə, yerli kadr potensialının gücləndirilməsinə və məhsuldarlığın yüksəldilməsinə töhfə verə bilər.

Deputat çıxışında Azərbaycan vətəndaşlarının xarici ölkələrdə əmək fəaliyyəti zamanı üzləşdikləri hüquqi problemlərə də toxunub.

O xatırladıb ki, 2006-2007-ci illərdə Rusiyada, eləcə də 2024-2025-ci illərdə Türkiyədə çalışan Azərbaycan vətəndaşlarına səyyar hüquqi yardım göstərilməsi təcrübəsi mövcud olub. Həmin dövrlərdə miqrasiya qanunvericiliyindəki dəyişikliklər səbəbindən çətinliklərlə üzləşən vətəndaşlara bu mexanizm vasitəsilə dəstək göstərilib.

Deputat bəzi ölkələrdə miqrasiya qanunvericiliyinin sərtləşdirilməsinin xaricdə çalışan azərbaycanlıların hüquqlarına təsir etdiyini diqqətə çatdırıb. O, diplomatik nümayəndəliklərin, diaspor təşkilatlarının və aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti ilə yeni hüquqi yardım mexanizminin yaradılmasını təklif edib.

Onun fikrincə, bu mexanizm ilkin mərhələdə pilot layihə kimi həyata keçirilə, sonradan isə davamlı fəaliyyət sisteminə çevrilə bilər. Beləliklə, xaricdə çalışan Azərbaycan vətəndaşlarına olduqları yerdə hüquqi yardım göstərilməsi təmin edilər.

Şəlalə Camal

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın