Azərbaycan üzərindən daşınan Vyetnam mənşəli yüklərin həcmi son illərdə əhəmiyyətli dərəcədə artıb. 2025-ci ildə bu göstərici əvvəlki dövrlə müqayisədə iki dəfə, 2026-cı ilin ilk doqquz ayında isə 4,6 dəfə yüksəlib. Bu dinamika Azərbaycanın nəqliyyat-logistika imkanlarının Vyetnam istehsalçıları və istehlakçıları üçün getdikcə daha cəlbedici olduğunu göstərir.
Milli Məclisin deputatı Azər Allahverənov Realist.az-a açıqlamasında bildirib ki, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərindən istifadə iki ölkə arasında yeni və mühüm iqtisadi əlaqələrin formalaşmasına şərait yaradır. Onun sözlərinə görə, Vyetnam istehsalçıları bu marşrutlara xüsusi maraq göstərirlər.
Deputat qeyd edib ki, nəqliyyat-logistika ilə yanaşı, bərpaolunan enerji, elektronika, rəqəmsal texnologiyalar, süni intellekt, kənd təsərrüfatı və sənaye məhsulları sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Hazırda iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin təxminən 150 milyon ABŞ dolları təşkil etməsi bu istiqamətdə imkanların hələ tam reallaşdırılmadığını göstərir.
A.Allahverənov vurğulayıb ki, Azərbaycanla Vyetnam arasında əlaqələrin mühüm istiqamətlərindən biri də humanitar və mədəni əməkdaşlıqdır. Bu münasibətlərin tarixi 1950-ci illərə gedib çıxır. Həmin dövrdə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnamla bağlı film üçün musiqi əsəri yazıb. Azərbaycanlı rejissor Əjdər İbrahimovun Vyetnama səfəri və uzun müddət bu ölkədə fəaliyyəti də mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb.
Deputatın sözlərinə görə, Əjdər İbrahimov Vyetnamda milli rejissor və aktyor kadrlarının yetişdirilməsinə töhfə verib. Onun Vyetnamla bağlı yazdığı əsərlər isə iki ölkə arasındakı mədəni münasibətlərin sonrakı mərhələdə ədəbiyyat və publisistika sahələrində də davam etdiyini göstərir.
A.Allahverənov diqqətə çatdırıb ki, Vyetnam vətəndaşlarının Azərbaycanda təhsil alması da ikitərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edib. Xüsusilə Ho Şi Minin Azərbaycana səfərindən sonra neft sahəsində təhsil almaq istəyən vyetnamlı tələbələrin sayı artıb. Onun qeyd etdiyi kimi, müxtəlif dövrlərdə minlərlə vyetnamlı gənc Azərbaycanın ali təhsil müəssisələrində təhsil alaraq bu ölkənin iqtisadiyyatının inkişafına töhfə verib.
Deputat Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar təşəbbüslərin də əhəmiyyətini vurğulayıb. Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri zamanı Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislərlə görüşü, eləcə də Fondun bu ölkədə ibtidai məktəbin inşası ilə bağlı layihəsi humanitar əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm addımlar kimi qiymətləndirilib.
O bildirib ki, siyasi, iqtisadi, humanitar və mədəni münasibətlərlə yanaşı, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı və yüngül sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli zəmin var. Bu əlaqələr iki ölkə arasında formalaşmış təxminən 70 illik münasibətlərin məntiqi davamıdır.
Deputatın fikrincə, Azərbaycanla Vyetnam arasında münasibətlər hazırda strateji baxımdan yeni məzmun və mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri də məhz mövcud əlaqələrin daha da dərinləşdirilməsi və strateji tərəfdaşlığın yüksək səviyyəyə çatdırılması məqsədinə xidmət edir.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


