Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi” yaradılacaq.
Realist.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Mərkəz büdcə təşkilatı statusunda fəaliyyət göstərəcək. Onun əsas fəaliyyət istiqamətləri meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə olunması, toxum nümunələrinin qorunub saxlanılması, eləcə də meşə bitkiləri tinglərinin yetişdirilməsi olacaq.
Sənədə əsasən, Nazirlər Kabineti iki ay müddətində Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiq etməli, onun maddi-texniki təminatı ilə bağlı tədbirlər görməli və görülən işlər barədə Prezidentə məlumat verməlidir.
Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi iki ay müddətində Mərkəzin nizamnaməsini və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu təsdiq etməli, bu istiqamətdə görülmüş işlər barədə dövlət başçısına məlumat verməlidir.
Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


