Azərbaycanda gənclərin çağırışaqədərki hazırlığının təşkili və keçirilməsi qaydaları yenilənib. Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Realist.az xəbər verir ki, yeni Əsasnaməyə əsasən, çağırışaqədərki hazırlıq ümumi təhsil, peşə və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclərin hərbi xidmətə hazırlanmasını, onlarda vətənpərvərlik şüurunun və Vətənin müdafiəsinə görə məsuliyyət hissinin formalaşdırılmasını, eləcə də zəruri nəzəri bilik və praktiki vərdişlərin aşılanmasını nəzərdə tutur.
Sənədə görə, çağırışaqədərki hazırlıq dövlət əhəmiyyətli fənn kimi tədris olunacaq. Dərslər nəzəri və praktiki hissələrdən ibarət olacaq və oğlanlarla qızlar üçün birlikdə təşkil ediləcək.
Tədris proqramındakı yeniliklər: Müasir texnologiyalar və mülki müdafiə
Yeni qaydalarda gənclərin yalnız ənənəvi hərbi biliklərə deyil, müasir texnologiyalar sahəsində də məlumatlandırılması nəzərdə tutulur. Şagird və tələbələr aşağıdakı istiqamətlər üzrə nəzəri biliklərə yiyələnəcəklər:
-
Pilotsuz uçuş aparatları (PUA) və müasir silahlar;
-
Elektron mühafizə sistemləri və süni intellekt texnologiyaları;
-
Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi metodları.
Bundan başqa, gənclərə mülki müdafiənin təşkili, təbii və texnogen xarakterli fövqəladə hallar zamanı davranış və mühafizə üsulları, ilkin tibbi yardımın göstərilməsi, sağlamlığın və təhlükəsizliyin qorunması, psixoloji dayanıqlılığın gücləndirilməsi və sanitariya-gigiyena qaydaları öyrədiləcək.
Rəhbərlik, nəzarət və kadr tələbləri
Əsasnaməyə əsasən, çağırışaqədərki hazırlığa ümumi metodiki rəhbərlik Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu sahəyə ümumi rəhbərlik və nəzarət isə Nazirlik və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli qurumları tərəfindən, aidiyyəti üzrə digər dövlət orqanları və bələdiyyələrin iştirakı ilə təmin ediləcək.
Təhsil müəssisələrinin direktorları fənnin tədrisinin, hərbi-vətənpərvərlik tərbiyəsi işlərinin təşkilinə, eləcə də təlim silahları və sursatların müəyyən edilmiş qaydada saxlanılmasına görə şəxsən məsuliyyət daşıyacaqlar. Çağırışaqədərki hazırlıq rəhbəri isə birbaşa direktorun tabeliyində fəaliyyət göstərərək gənclərin hazırlığına, silah-sursatın uçotuna, dərslərdə istifadəsinə və təhlükəsizlik qaydalarına cavabdeh olacaq.
Sənəddə çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə təyinat tələbləri də dəqiqləşdirilib:
-
Ümumi və peşə təhsili müəssisələrində: Ali və ya orta ixtisas hərbi təhsilli, yaxud ali mülki təhsilli ehtiyatda və ya istefada olan zabitlər, müvafiq ixtisas üzrə təhsil almış və həqiqi hərbi xidmət keçmiş şəxslər, müharibə veteranları və müəyyən hallarda ehtiyatda olan gizir və çavuşlar təyin edilə bilərlər.
-
Orta ixtisas təhsili müəssisələrində: Ali təhsilli ehtiyatda və ya istefada olan zabitlər, müvafiq ixtisas üzrə təhsil almış və həqiqi hərbi xidmət keçmiş şəxslər, müharibə veteranları, eləcə də müəyyən şərtlərlə ehtiyatda olan ali təhsilli gizir və çavuşlar təyin edilə biləcəklər.
Pedaqoji təhsili olmayan çağırışaqədərki hazırlıq rəhbərləri üçün Elm və Təhsil Nazirliyi tərəfindən pedaqogika, psixologiya və təlim strategiyaları üzrə kurslar təşkil ediləcək.
Müəllimlərin ixtisasartırması və maddi-texniki baza
Əsasnaməyə görə, hər tədris ilinin başlanmasına qədər çağırışaqədərki hazırlıq rəhbərləri üçün beşgünlük tədris-metodiki təlim, hər ayın sonuncu həftəsinin cümə günü məşğələlər, qış tətili günlərində isə üçgünlük metodiki seminar keçiriləcək. Həmçinin rəhbərlərə metodiki hazırlıq və tədris bazasının təkmilləşdirilməsi məqsədilə həftədə bir iş günü ayrılacaq.
Hər tədris ilinin sonunda hərbi-idman tədbirləri, dərsdənkənar nəzəri və praktiki məşğələlər təşkil olunacaq. Hərbi-vətənpərvərlik tərbiyəsi məqsədilə Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları, şəhidlər və müharibə iştirakçıları ilə bağlı stend, guşə və muzeylərin yaradılması nəzərdə tutulur.
Təhsil müəssisələri təlim silahları, sursatlar, fərdi mühafizə vasitələri, kimyəvi və radiasiya kəşfiyyatı cihazları və tibbi ləvazimatlarla təmin ediləcəklər. Aidiyyəti qurumların müraciəti əsasında təhsil müəssisələri Müdafiə Nazirliyinin tabeliyində olan atıcılıq tirlərindən və poliqonlardan ödənişsiz əsaslarla istifadə edə biləcəklər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


