Son 20 il ərzində Bakı şəhərində 100-dən çox yeni park və bağ yaradılıb, 300-ə yaxın park isə əsaslı bərpa edilib.

Realist.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov Bakıda keçirilən beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi “AIREX 2026″da deyib.

R.Qasımovun sözlərinə görə, paytaxtın ekoloji mühitinin yaxşılaşdırılması və şəhər infrastrukturu üzrə layihələrin davam etdirilməsi planlaşdırılır.

Böyükşor gölünün ekoloji bərpası və UN-Habitat ilə ortaq layihə

Baş İdarə rəisi Bakı göllərinin ekoloji bərpası istiqamətində görülən genişmiqyaslı işlərə diqqət çəkib:

“Göllərimizin ekoloji bərpası üzərində işləyirik. Böyükşor ərazisində birinci mərhələ ərzində təxminən 300 hektar göl sahəsi ekoloji bərpaya cəlb edilib. Bu ərazi üçün həmçinin 15 hektardan çox abadlaşdırılmış park və 2,5 kilometrlik gölkənarı gəzinti yolu planlaşdırılıb. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birlikdə Böyükşor gölünün şərq hissəsində böyük bir investisiya layihəsi nəzərdə tutmuşuq. Bu, Bakıdakı ən böyük şəhər layihələrindən biri olacaq”.

Mərkəzi küçələrin piyadalaşdırılması: Yeni məkanlar və təcrübələr

R.Qasımov qeyd edib ki, Bakının mərkəzi küçələrinin piyadalaşdırılması parklar və meydanlar arasında əlaqəni yaxşılaşdırır, tarixi şəhər mühitini gücləndirir və yerli biznes üçün yeni imkanlar açır:

  • İslam Səfərli layihəsi: Fəvvarələr Meydanı yaxınlığındakı ərazi piyadaların rahatlığı üçün yenidən qurulub.

  • 28 May metrosu ətrafı: Stansiya ətrafında 3,5 hektarlıq geniş ərazi tamamilə canlandırılıb.

  • Xaqani Bağı və Fəvvarələr Meydanı: Ərazidə əvvəlcə həftə sonları nəqliyyatın azaldılması təcrübəsi aparılıb, hazırda isə bəzi istisnalar nəzərə alınmaqla avtomobillərin hərəkəti dayandırılıb.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın