Avtomobillə hərəkət zamanı qəza və ya texniki nasazlıq səbəbindən məcburi dayanma baş verdikdə təhlükəsizlik qaydalarına əməl olunması həyati əhəmiyyət daşıyır. Bu tələblərin pozulması digər yol-nəqliyyat hadisələrinə və ağır nəticələrə səbəb ola bilər.
Daxili İşlər Nazirliyindən Realist.az-a verilən məlumata görə, bəzi sürücülər avtomobillərini yolun hərəkət hissəsində saxlayarkən hava və yol şəraitini, nəqliyyatın intensivliyini, görünmə məsafəsini, eləcə də sutkanın işıqlı və ya qaranlıq vaxtını nəzərə almırlar. Bu isə yolda təhlükəli vəziyyət yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, qəza və ya texniki nasazlıq zamanı sürücü ilk növbədə qəza işıq siqnallarını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı və mümkün qədər tez yolun hərəkət hissəsini boşaltmalıdır.
Qəza dayanma nişanı avtomobildən ən azı 30 metr məsafədə, digər sürücülərin onu vaxtında görə biləcəyi yerdə yerləşdirilməlidir.
Nəqliyyat vasitəsi nasazlıq səbəbindən hərəkət edə bilmədikdə, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda isə yolun çiynində və ya digər təhlükəsiz yerdə saxlamalıdır. Eyni zamanda, digər hərəkət iştirakçılarını xəbərdar etmək üçün zəruri tədbirlər görülməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, təhlükəsizlik tələblərinə etinasız yanaşılması indiyədək bir sıra ağır hadisələrə səbəb olub. İdarə hər kəsi həm özünün, həm də digər insanların həyat və sağlamlığını qorumaq üçün yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


