EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, qlobal və regional proseslərdə rolunun genişlənməsi ölkənin həyata keçirdiyi müstəqil və milli maraqlara əsaslanan xarici siyasətin nəticəsidir. Xüsusilə Avropa ilə siyasi və iqtisadi əlaqələrin inkişafı, enerji təhlükəsizliyi və nəqliyyat sahəsində əməkdaşlıq Azərbaycanın beynəlxalq tərəfdaş kimi əhəmiyyətini artırır.

Milli Məclisin deputatı Günay Ağamalı bu barədə Realist.az-a açıqlamasında bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsində Prezident İlham Əliyevin güclü siyasi iradəsi, prinsipial mövqeyi və milli maraqları bütün diplomatik münasibətlərdə qətiyyətlə müdafiə etməsi mühüm rol oynayır.

Deputatın sözlərinə görə, noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Görüşündə dövlət başçısının iştirakı Azərbaycanın Avropa siyasi məkanında artan nüfuzunun və beynəlxalq diplomatiyada möhkəmlənən mövqeyinin növbəti göstəricisidir. Sammit Avropa dövlətləri arasında siyasi dialoqun inkişafı, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bu platformada yüksək səviyyədə təmsil olunması ölkəmizin Avropanın siyasi və iqtisadi gələcəyi ilə bağlı proseslərdə fəal tərəfdaş kimi qəbul edildiyini nümayiş etdirir.

G.Ağamalı qeyd edib ki, Azərbaycan beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və suverenlik prinsiplərinə əsaslanan siyasət yürüdür. Ölkəmiz heç bir siyasi mərkəzdən asılı olmadan öz strateji prioritetlərini müəyyənləşdirir və beynəlxalq tərəfdaşlarla münasibətlərini milli maraqlarına uyğun inkişaf etdirir.

Deputat bildirib ki, Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa artan marağı da həyata keçirilən siyasətin nəticəsidir. Dövlət və hökumət başçılarının, Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin ölkəmizə səfərləri, Prezident İlham Əliyevlə keçirilən görüşlər və yeni əməkdaşlıq təşəbbüsləri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini təsdiqləyir. Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın, genişlənmə üzrə komissar Marta Kosun, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri ölkəmizlə siyasi və iqtisadi tərəfdaşlığın inkişafına göstərilən marağın bariz nümunəsidir.

Onun sözlərinə görə, Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini müəyyənləşdirən əsas amillərdən biri enerji təhlükəsizliyi sahəsində həyata keçirilən irimiqyaslı layihələrdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan enerji siyasəti ölkəmizi beynəlxalq enerji bazarının mühüm iştirakçısına çevirib. Cənub Qaz Dəhlizinin reallaşdırılması, 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və qaz ixracının coğrafiyasının genişləndirilməsi bu əməkdaşlığın mühüm nəticələrindəndir.

Günay Ağamalı diqqətə çatdırıb ki, Azərbaycanın 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac etməsi ölkəmizin enerji sahəsində strateji tərəfdaş kimi əhəmiyyətini daha da artırır. Bununla yanaşı, Xəzər dənizinin külək enerjisi potensialından istifadə, günəş enerjisi layihələrinin inkişafı, Mərkəzi Asiya ilə yaşıl enerji dəhlizlərinin yaradılması və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi istiqamətində təşəbbüslər Azərbaycanın gələcəyin enerji təhlükəsizliyində də mühüm rol oynamaq niyyətini göstərir.

Deputat nəqliyyat və logistika sahəsində əldə olunan nailiyyətlərin də Azərbaycanın geosiyasi əhəmiyyətini artırdığını vurğulayıb. Bildirib ki, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, Orta Dəhlizin imkanlarının genişləndirilməsi və Xəzər üzərindən yeni bağlantıların yaradılması ölkəmizin Avropa ilə Asiya arasında strateji tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirir. Həyata keçirilən infrastruktur layihələri beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə və regionlararası iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir.

G.Ağamalı Dublin sammiti çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi görüşlərin Azərbaycanın beynəlxalq diplomatiyada fəallığını bir daha nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna, Moldova, Rumıniya və Litva prezidentləri, Ermənistan, Yunanıstan, Çexiya və Bolqarıstanın hökumət rəhbərləri, Avropa İttifaqı Şurasının Prezidenti və Böyük Britaniyanın Baş naziri ilə keçirilən görüşlər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafı, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və yeni tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Deputat Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadiləsini də mühüm siyasi hadisə kimi qiymətləndirib. Qeyd edib ki, bu sənəd Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin strateji xarakterini nümayiş etdirməklə yanaşı, siyasi dialoqun və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Onun fikrincə, Dublin sammitinin əsas müzakirə istiqamətlərindən biri olan Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ilin sentyabrında suverenliyini tam bərpa etməsi ilə regionda yeni siyasi reallıqlar yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək Cənubi Qafqazda davamlı sülhün və regional əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir.

Günay Ağamalı bildirib ki, Azərbaycanın sülh gündəliyi beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı hörmətə əsaslanır. Dövlət başçısının beynəlxalq platformalarda nümayiş etdirdiyi prinsipial mövqe ölkəmizin sülhə yanaşmasının ardıcıl və qətiyyətli olduğunu göstərir.

Deputat Azərbaycanın beynəlxalq siyasətdəki uğurlarının yalnız Avropa ilə əlaqələrlə məhdudlaşmadığını, Türk dünyası, Mərkəzi Asiya, İslam ölkələri və digər tərəfdaşlarla münasibətləri də əhatə etdiyini vurğulayıb. Onun sözlərinə görə, müxtəlif siyasi və iqtisadi platformalarda fəal iştirak, beynəlxalq təşkilatlarda mövqelərin gücləndirilməsi və qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi ölkəmizin çoxşaxəli xarici siyasətinin nəticəsidir.

G.Ağamalı 2028-ci ilin mayında Avropa Siyasi Birliyinin Zirvə Görüşünün Azərbaycanda keçirilməsini də ölkəmizin beynəlxalq nüfuzuna göstərilən yüksək etimadın növbəti təsdiqi kimi dəyərləndirib. Bildirib ki, Prezident İlham Əliyevin 2026-cı il mayın 4-də İrəvanda keçirilən 8-ci Zirvə Görüşündə Azərbaycanın namizədliyinin qəbul edildiyini bəyan etməsi ölkəmizin Avropa siyasi məkanındakı mövqeyi baxımından mühüm hadisədir.

Deputat qeyd edib ki, Bakı sammiti Avropa dövlət və hökumət başçılarını, beynəlxalq institutların rəhbərlərini bir araya gətirməklə siyasi dialoqun genişlənməsinə, strateji tərəfdaşlıqların inkişafına və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə töhfə verəcək. Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkənin təşkilatçılıq təcrübəsinə, siyasi sabitliyinə və etibarlı tərəfdaş kimi qazandığı nüfuza verilən yüksək qiymətdir.

Günay Ağamalı sonda vurğulayıb ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqe uzun illər ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi qüdrəti, siyasi müstəqilliyi və diplomatik imkanları vahid strateji xətt üzrə inkişaf etdirilir. Dublin sammiti də bir daha təsdiqləyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə, nəqliyyat əlaqələrinin inkişafına və Cənubi Qafqazın siyasi gələcəyinə mühüm töhfələr verən, beynəlxalq münasibətlərdə söz sahibi olan dövlətdir.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın