Azərbaycanın müasir tarixində 44 günlük Vətən müharibəsinin xüsusi yeri var. Bu müharibədə əldə olunan Qələbə ölkəmizin qarşısında yeni siyasi, iqtisadi və geosiyasi perspektivlər açmaqla yanaşı, Cənubi Qafqazda qüvvələr nisbətini də dəyişdirdi. Uzun illər işğal problemi ilə üzləşən Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək regional proseslərdə daha fəal mövqe qazandı.
Milli Məclisin deputatı Elman Nəsirov *“Realist.az”*-a açıqlamasında bildirib ki, Qarabağ Zəfərinin tarixi əhəmiyyəti yalnız 2020-ci ildə qazanılan hərbi uğurla məhdudlaşmır. 2023-cü ildə Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin tam təmin edilməsi ilə bu tarixi proses öz məntiqi nəticəsinə çatıb. Beləliklə, ölkəmizin təhlükəsizlik və xarici siyasət prioritetlərində də yeni mərhələ başlayıb.
Deputatın fikrincə, bu Qələbəni şərtləndirən əsas amillərdən biri Azərbaycanın uzun illər ərzində formalaşdırdığı dövlət strategiyası olub. İqtisadi potensialın gücləndirilməsi, ordunun müasirləşdirilməsi, diplomatik müstəvidə aparılan ardıcıl fəaliyyət və informasiya siyasəti eyni məqsədə xidmət edib. Bütün bu istiqamətlərin uzlaşdırılması isə müharibə zamanı həlledici üstünlük qazanmağa imkan verib.
Elman Nəsirov vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi və strateji qərarları əldə olunan nəticələrdə mühüm rol oynayıb. Dövlət səviyyəsində illərlə aparılan hazırlıq, formalaşdırılan hərbi potensial və düzgün müəyyənləşdirilmiş hədəflər döyüş meydanında öz bəhrəsini verib. Azərbaycan Ordusunun şəxsi heyəti isə yüksək döyüş hazırlığı, peşəkarlığı və qəhrəmanlığı ilə bu potensialı tarixi Qələbəyə çevirib.
Deputat hesab edir ki, 44 günlük müharibənin nəticələrini yalnız müasir silahların tətbiqi ilə izah etmək doğru olmaz. Çünki hərbi uğurun arxasında bir-birini tamamlayan çoxsaylı amillər dayanırdı. İqtisadi imkanlar, texnoloji inkişaf, əməliyyatların planlaşdırılması, siyasi şərait və ordunun döyüş qabiliyyəti vahid sistem şəklində fəaliyyət göstərirdi.
O bildirib ki, Azərbaycanın hərbi təcrübəsi beynəlxalq səviyyədə də ciddi maraq doğurub. ABŞ və Avropanın müxtəlif araşdırma mərkəzlərində Vətən müharibəsinin gedişi, müasir texnologiyaların döyüş əməliyyatlarında tətbiqi və hərbi üstünlüyün əldə olunması mexanizmləri təhlil edilir. Azərbaycanın təcrübəsi müasir müharibələrin xarakterinin öyrənilməsi baxımından da diqqətəlayiq nümunəyə çevrilib.
Elman Nəsirovun sözlərinə görə, tarixi Qələbədən sonra ölkəmizin qarşısında yeni strateji hədəflər müəyyənləşib. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi, həmin bölgələrin iqtisadi imkanlarının hərəkətə gətirilməsi və təhlükəsizlik sisteminin möhkəmləndirilməsi bu vəzifələrin əsasını təşkil edir. Bununla yanaşı, regionda uzunmüddətli sülhün təmin olunması da Azərbaycanın strateji maraqlarına uyğundur.
Deputat diqqətə çatdırıb ki, müharibədən sonra yaranmış yeni reallıqlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu da genişləndirib. Ölkəmiz milli maraqlarını daha əlverişli şəraitdə həyata keçirmək, regional əməkdaşlıq layihələrində iştirakını artırmaq və beynəlxalq mövqelərini möhkəmləndirmək imkanları əldə edib.
“Qarabağ Zəfərinin ən böyük dərslərindən biri budur ki, dövlətin iqtisadi gücü, qüdrətli ordusu, uzaqgörən strategiyası və xalqın birliyi eyni məqsəd naminə səfərbər olunanda qarşıya qoyulan ən mürəkkəb vəzifələr də həllini tapa bilər. Bizim üçün indi əsas məsələ bu tarixi nailiyyətin nəticələrini qorumaq, azad edilmiş ərazilərdə davamlı inkişafı təmin etmək və Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltməkdir”, – deyə Elman Nəsirov bildirib.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
