Estoniyanın xarici işlər naziri Marqus Tsahkna noyabrın 27-də Azərbaycana səfər edəcək.
Realist.az xəbər verir ki, səfər çərçivəsində Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.
Marqus Tsahkna səfər zamanı Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-Estoniya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, Ukraynaya dəstək məsələləri, həmçinin Azərbaycan-Ermənistan arasında sülh prosesi ətrafında fikir mübadiləsi aparılacaq. Estoniya tərəfinin sülh prosesinə dəstəyini ifadə edəcəyi bildirilir.
Səfər çərçivəsində Estoniyanın Arktika məsələləri üzrə xüsusi səlahiyyətli diplomatik nümayəndəsi Toomas Lukk da Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.
Estoniya Xarici İşlər Nazirliyi, Estoniya Elmlər Akademiyası, İqlim Nazirliyi və Estoniya Qütb Klubunun birgə təşkilatçılığı ilə baş tutacaq “Soyuqda idarəçilik: Arktika və Antarktida ilə bağlı qərarların qəbulunda elm və geosiyasət” adlı konfransda qütb regionlarının təhlükəsizliyi, Avropa İttifaqının yeni Arktika strategiyası və Antarktida siyasətinin formalaşdırılmasında elmi ictimaiyyətin rolu müzakirə ediləcək.
Qeyd edək ki, Estoniyanın Azərbaycandakı səfirliyinə rezident səfir Tiina Nirk rəhbərlik edir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


