

“AzerGold” QSC-nin nümayəndələri Filizçay polimetal yatağının işlənməsi layihəsi ilə bağlı Balakən rayonunda yerli icma nümayəndələri ilə görüş keçiriblər.
Realist.az xəbər verir ki, bu barədə “AzerGold” QSC-dən məlumat verilib.
Balakən Rayon İcra Hakimiyyətində keçirilən görüşdə aidiyyəti dövlət qurumlarının, idarə və müəssisələrin nümayəndələri, Filizçay yatağının yaxınlığında yerləşən Mazımqaray, Gərəkli, Mahamalar və Salban kəndlərinin sakinləri, ağsaqqallar, eləcə də yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Görüşdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Filizçay polimetal yatağının Azərbaycanın dağ-mədən sənayesi üçün strateji əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, layihənin həyata keçirilməsi Şimal-Qərb regionunun, xüsusilə Balakən rayonunun sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək, sənaye infrastrukturunun formalaşmasına, yerli biznes mühitinin canlanmasına və kiçik və orta sahibkarlıq subyektlərinin imkanlarının genişlənməsinə şərait yaradacaq.
“AzerGold” QSC İdarə Heyətinin sədr müavini İlqar Cəlilov Filizçay yatağının strateji əhəmiyyəti və resurs potensialı barədə məlumat verib. Bildirib ki, yataq təkcə Azərbaycan deyil, Avropa miqyasında da geoloji quruluşu və metallurgiya xüsusiyyətləri baxımından mürəkkəb dağ-mədən layihələrindən biridir.
Məlumat verilib ki, yataqda genişmiqyaslı geoloji-kəşfiyyat işləri başa çatdırılıb, beynəlxalq standartlara uyğun resurs qiymətləndirilməsi aparılıb. Hazırda ilkin texniki-iqtisadi əsaslandırma mərhələsində olan layihə üzrə filizin emalı üçün flotasiya və hidrometallurgiya texnologiyaları araşdırılır. Əsas məqsəd optimal və ekoloji baxımdan təhlükəsiz emal texnologiyasını müəyyənləşdirməkdir.
Strateji yol xəritəsinə əsasən, 2030-cu ildə yekun texniki-iqtisadi əsaslandırmanın tamamlanması və sənaye miqyaslı istehsalı təmin edəcək emal zavodunun tikintisinə başlanılması planlaşdırılır. İstismar müddəti 34 il nəzərdə tutulan müəssisənin 2032-ci ildə ilkin istismara verilməsi hədəflənir.
“AzerGold” QSC İdarə Heyətinin sədr müavini Ayşəm Qələmiyeva isə layihənin yerli əhali üçün yaradacağı sosial-iqtisadi imkanlardan danışıb. Bildirilib ki, zavodun tikintisi və sonrakı istismarı dövründə yerli sakinlər üçün yüzlərlə yeni və daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, peşə hazırlığının gücləndirilməsi, mühəndislik və texniki sahələr üzrə ixtisaslaşmanın dəstəklənməsi də diqqət mərkəzində olacaq.
Görüşdə layihə çərçivəsində ətraf mühitə təsirin qiymətləndirilməsi, su ehtiyatlarının qorunması, tullantıların idarə olunması, torpaq və biomüxtəlifliyin mühafizəsi, ekoloji monitorinq mexanizmlərinin tətbiqi, eləcə də yerli icmaların ekoloji məsələlər barədə məlumatlandırılması istiqamətində nəzərdə tutulan tədbirlər barədə də məlumat verilib.
Qeyd olunub ki, “AzerGold” QSC-nin digər fəaliyyət bölgələrində formalaşdırdığı korporativ sosial məsuliyyət təcrübəsi Balakən rayonunda da tətbiq ediləcək. Yerli icmaların rifahının dəstəklənməsi məqsədilə məşğulluq, təhsil, səhiyyə, sosial-iqtisadi inkişaf və ətraf mühitin mühafizəsi istiqamətlərində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Görüşün sonunda sakinlərin müraciət və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
“AzerGold” QSC-nin KSM Komitəsi Filizçay layihəsinin icra mərhələləri, nəzərdə tutulan fəaliyyətlər və yerli icmalar üçün yaradılacaq imkanlar barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə Balakən sakinləri ilə görüşləri davam etdirəcək.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


