Lənkəranda ova gedən 64 yaşlı kişinin qamışlıqda meyiti tapıldı – Cinayət işi açıldı
Lənkəran rayonunda iki gün əvvəl ov etmək məqsədilə evdən çıxan və geri qayıtmayan 64 yaşlı kişinin meyiti aşkarlanıb.
Realist.az-ın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Ürgə kəndi ərazisində qeydə alınıb.
Müəyyən edilib ki, qamışlıq sahədə tapılan cansız bədən 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevə məxsusdur. O, iki gün əvvəl ova gedib və geri qayıtmadığı üçün axtarışlarına başlanılıbmış.
Meyitə keçirilən ilkin baxış zamanı onun baş nahiyəsində xəsarət izi aşkarlanıb. Nəş daxili və xarici müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Ekspertizanın yekun rəyindən sonra R.Əliyevin dəqiq ölüm səbəbi bəlli olacaq.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq davam etdirilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
