Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu sənəd uzun illər ərzində formalaşmış qarşılıqlı münasibətlərin məntiqi davamı olmaqla yanaşı, əməkdaşlığın gələcək istiqamətlərini və ortaq strateji hədəfləri müəyyənləşdirir.
Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı Realist.az-a açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, hər hansı beynəlxalq və ya ikitərəfli sənədin imzalanması bir günün işi deyil. Belə sənədlərin hazırlanması uzunmüddətli danışıqlar, qarşılıqlı maraqların müəyyənləşdirilməsi və ortaq mövqelərin uzlaşdırılması nəticəsində mümkün olur. Bu prosesdə dövlət və hökumət başçılarının siyasi iradəsi mühüm rol oynayır.
Musa Qasımlı qeyd edib ki, strateji tərəfdaşlıq adi əməkdaşlıq münasibətlərindən fərqlənərək qısamüddətli maraqlara deyil, uzunmüddətli hədəflərə, qarşılıqlı etimada, hörmətə və faydaya əsaslanır. Belə tərəfdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, hərbi, elmi və digər sahələrdə ortaq məqsədlərin müəyyənləşdirilməsini, vacib məsələlərdə qarşılıqlı dəstəyi və geniş əməkdaşlığı nəzərdə tutur.
Deputat bildirib ki, Azərbaycan-Böyük Britaniya münasibətlərinin möhkəm tarixi təməli var. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və əməkdaşlıq haqqında sənəd, 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələlər olub. Yeni sənəd isə bu münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına xidmət edir.
Onun fikrincə, müasir beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb proseslər, Avropada davam edən müharibə və Yaxın Şərqdəki gərginlik dövlətlər arasında etibarlı tərəfdaşlığın əhəmiyyətini daha da artırır. Bu baxımdan Azərbaycanın geosiyasi mövqeyi, regional bağlantılardakı rolu və müstəqil xarici siyasəti Böyük Britaniya ilə əməkdaşlıq üçün mühüm zəmin yaradır.
M.Qasımlı vurğulayıb ki, Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımların müsbət qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma Bakı və Londonun Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması məsələsində ortaq maraqlara malik olduğunu göstərir. Deputatın qənaətinə görə, sənəd hər hansı üçüncü dövlətə qarşı yönəlməyib, qarşılıqlı ehtiyac və maraqlardan irəli gəlir.
Deputat sənədin əsas prinsiplərinə toxunaraq bildirib ki, tərəfdaşlığın təməlində beynəlxalq hüquq və dövlətlərin bərabərhüquqluluğu dayanır. BMT Nizamnaməsinə, suverenliyə, müstəqilliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmətin bir daha təsdiqlənməsi tərəflərin beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Musa Qasımlı müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini də Bəyannamənin mühüm istiqamətlərindən biri kimi dəyərləndirib. Bildirib ki, sənəddə regional sülh və sabitliyin dəstəklənməsi, ümumi təhdidlərin qarşısının alınması və onlara cavab vermək imkanlarının artırılması ilə bağlı uzunmüddətli öhdəliklər nəzərdə tutulur.
Onun sözlərinə görə, hərbi təlim və hazırlıq, müdafiə potensialının gücləndirilməsi, əməliyyat uyğunluğu, müdafiə sənayesi sahəsində birgə təşəbbüslər, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi sahələrdə qarşılıqlı fəaliyyət bu istiqamətdə əsas prioritetlərdəndir.
Deputat iqtisadi və ticarət əlaqələrinin inkişafının da xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qeyd edib ki, ikitərəfli ticarət və investisiya münasibətlərinin genişləndirilməsi üçün etibarlı regional və beynəlxalq nəqliyyat bağlantılarının mövcudluğu vacibdir. Bu baxımdan Orta Dəhlizin inkişafına verilən dəstək Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemindəki mövqeyinin güclənməsi baxımından əhəmiyyətlidir.
M.Qasımlı təhsil, elm, tədqiqat və innovasiya sahələrində əməkdaşlığın perspektivlərinə də toxunub. Bildirib ki, bu istiqamətlər uzunmüddətli iqtisadi inkişafın, məhsuldarlığın və sosial dayanıqlığın əsas şərtlərindəndir. Elmi biliklərin, tədqiqatların və innovativ yanaşmaların praktik nəticələrə çevrilməsi həm cəmiyyətin rifahının yüksəldilməsinə, həm də dövlətlərin iqtisadi və institusional potensialının gücləndirilməsinə xidmət edir.
Deputatın fikrincə, Birgə Bəyannamənin icrası Azərbaycan ilə Böyük Britaniya arasında mövcud əlaqələrin daha da möhkəmlənməsinə, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə və xarici təhdidlərə qarşı birgə fəaliyyət imkanlarının artmasına şərait yaradacaq. Eyni zamanda, ortaq təşəbbüslər Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına, yeni münaqişələrin qarşısının alınmasına və regional əməkdaşlığın inkişafına töhfə verə bilər.
Musa Qasımlı hesab edir ki, ticarət, iqtisadiyyat, elm, təhsil və innovasiya sahələrində tərəfdaşlığın dərinləşdirilməsi iki ölkə arasında münasibətlərə yeni məzmun qazandıracaq. Sənədin əhəmiyyəti isə müəyyənləşdirilmiş məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsi və konkret nəticələrlə möhkəmləndirilməsi ilə daha aydın görünəcək.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


