Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü Azərbaycanın müstəqil dövlətçilik tarixinin mühüm hadisələrindən biridir.
Milli Məclisin deputatı Rəşad Mahmudov Realist.az-a açıqlamasında bildirib ki, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsini yalnız bir siyasi təşkilatın yaranması kimi qiymətləndirmək düzgün olmazdı. Bu hadisəyə Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi siyasi böhran, dövlətçiliyinə yaranan təhdidlər və cəmiyyətin sabitlik, inkişaf gözləntiləri kontekstində yanaşmaq lazımdır.
Deputat qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan müharibə, siyasi qeyri-sabitlik və ciddi iqtisadi çətinliklərlə üz-üzə idi. Belə bir mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi nüfuzu ətrafında yeni siyasi qüvvənin formalaşması ölkənin gələcək inkişafında mühüm rol oynadı.
Onun sözlərinə görə, Ulu Öndərin tarixi xidmətlərindən biri dövlət müstəqilliyinin qorunmasını, siyasi sabitliyin təmin edilməsini və güclü dövlət institutlarının yaradılmasını vahid siyasi strategiyada birləşdirməsi idi. Yeni Azərbaycan Partiyası da məhz bu ideyalar əsasında formalaşaraq ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrildi.
R.Mahmudov vurğulayıb ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Ötən illərdə Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi, beynəlxalq mövqelərinin möhkəmlənməsi, müasir infrastrukturun yaradılması və sosial sahədə həyata keçirilən islahatlar bu inkişafın mühüm göstəriciləridir.
Deputat Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını müasir tariximizin ən əlamətdar hadisələrindən biri kimi dəyərləndirib. Bildirib ki, bu tarixi nailiyyət ölkəmiz qarşısında yeni inkişaf mərhələsinin imkanlarını açıb. Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və həmin ərazilərin ölkənin sosial-iqtisadi həyatına inteqrasiyası qarşıda duran əsas vəzifələrdəndir.
R.Mahmudov hesab edir ki, Yeni Azərbaycan Partiyasının bugünkü rolunu qiymətləndirərkən yalnız keçmiş nailiyyətlərə deyil, gələcək qarşısında daşıdığı məsuliyyətə də diqqət yetirilməlidir. Çünki güclü dövlətçilik əldə olunan uğurlarla yanaşı, onların davamlılığını təmin edən institutların, təhsilin, elmin, səhiyyənin və insan kapitalının inkişafını da tələb edir.
O bildirib ki, partiyanın qarşısında duran mühüm vəzifələrdən biri cəmiyyətin dəyişən ehtiyaclarına uyğun yenilənmək, gənclərin ictimai-siyasi proseslərdə iştirakını genişləndirmək, sosial ədalət və vətəndaş məmnunluğu prinsiplərinin gücləndirilməsinə töhfə verməkdir.
Deputatın fikrincə, hər bir siyasi təşkilatın ən böyük uğuru onun dövlətə və xalqa xidmətinin insanların gündəlik həyatında real nəticələrlə hiss olunmasıdır. Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətində də bu prinsipin əsas yer tutması xüsusi əhəmiyyət daşıyır.
R.Mahmudov əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti və müəyyənləşdirilən strateji hədəflər Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edir.
Sonda deputat Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə partiya üzvlərini təbrik edib, dövlətimizin güclənməsi, xalqımızın rifahının yüksəlməsi və Azərbaycanın daha inkişaf etmiş gələcəyi naminə fəaliyyətlərində uğurlar arzulayıb.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


