Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan və Özbəkistan arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, iki ölkənin müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Realist.az xəbər verir ki, Sahibə Qafarova noyabrın 27-də Milli Məclisin plenar iclasında çıxışı zamanı Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin və İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun əhəmiyyətini vurğulayıb.
Bildirib ki, noyabrın 25-də keçirilən forumun açılış mərasimi “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü” mövzusuna həsr olunub.
Milli Məclisin sədri xatırladıb ki, birinci forumun keçirildiyi vaxtdan ötən müddətdə iki ölkə arasında əlaqələr daha da genişlənib. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri baş tutub, Ali Dövlətlərarası Şuranın ikinci və üçüncü iclasları keçirilib. Bu ilin avqustunda Daşkənddə imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin Milli Məclis tərəfindən təsdiqlənməsi də münasibətlərin inkişafında mühüm hadisə olub.
S.Qafarovanın sözlərinə görə, Bakı Forumunda dövlət başçıları səviyyəsində əldə edilmiş razılaşmaların qanunvericilik təminatı məsələləri diqqət mərkəzində saxlanılıb. Müzakirələr zamanı ticarət, investisiya, energetika, rəqəmsal inkişaf, təhsil, mədəniyyət və gənclər siyasəti sahələrində əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
Forumun yekununda Bakı Bəyannaməsi qəbul edilib, 2027–2028-ci illər üzrə parlamentlərarası əməkdaşlığın yeni “Yol xəritəsi” imzalanıb.
Milli Məclisin sədri forumdan sonra Azərbaycan və Özbəkistan parlamentləri sədrlərinin iştirakı ilə Parlamentlərarası əməkdaşlıq komissiyasının ilk iclasının keçirildiyini də diqqətə çatdırıb. İclasda komissiyanın fəaliyyət istiqamətləri, parlamentlərin profil komitələri arasında birbaşa əlaqələrin genişləndirilməsi və ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
O qeyd edib ki, Bakı Forumunun nəticələri parlamentlərarası əməkdaşlığın daha sistemli şəkildə inkişafına və iki ölkə arasındakı qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək.
Sahibə Qafarova, həmçinin Milli Məclisin sədr müavini, Parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Musa Qasımlının, komitə sədrləri Əli Hüseynlinin, Azər Əmiraslanovun, Səməd Seyidovun və digər deputatların forumun panel sessiyalarında və komissiyanın iclasında fəal iştirak etdiklərini, müzakirələrə moderatorluq etdiklərini və çıxışlar etdiklərini bildirib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


