EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycanın son illərdə Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, ərazi bütövlüyünün və suverenliyinin bərpası ölkənin beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Dünyada baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslər isə Avropa ilə Asiyanın qovuşağında yerləşən Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev Realist.az-a  açıqlamasında bildirib.

Deputat qeyd edib ki, müasir dövrdə iqtisadi rəqabətqabiliyyətlilik yalnız texnoloji innovasiyalardan deyil, həm də enerji resurslarının etibarlı təchizatından, nəqliyyat infrastrukturunun səmərəliliyindən və təchizat zəncirlərinin dayanıqlılığından asılıdır. Bu baxımdan Azərbaycanın Avropa ölkələri üçün əhəmiyyəti getdikcə artır.

Onun sözlərinə görə, Avropa dövlətlərinin ölkəmizə marağının genişlənməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal məsələlərin həllində rolunun artması ilə bağlıdır. Bu tendensiya Avropa ölkələrinin dövlət və hökumət başçılarının, eləcə də Avropa İttifaqının yüksəkvəzifəli nümayəndələrinin Azərbaycana səfərlərində, Prezident İlham Əliyevlə keçirdikləri görüşlərdə və yeni əməkdaşlıq təşəbbüslərində özünü göstərir.

Samir Vəliyev bildirib ki, 2025-ci ildə Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas və genişlənmə üzrə komissarı Marta Kosun Bakıya səfərləri, 2026-cı ilin martında isə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenin Azərbaycanda keçirdikləri görüşlər münasibətlərin inkişaf dinamikasının göstəricisidir.

Deputat vurğulayıb ki, Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti, ilk növbədə, enerji təhlükəsizliyi ilə bağlıdır. 2022-ci ildə Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu əməkdaşlığın mühüm mərhələlərindən biri olub. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz tədarükünün genişləndirilməsi də Azərbaycanın qitənin enerji təhlükəsizliyindəki rolunu artırıb.

Hazırda Azərbaycanın 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac etdiyini bildirən deputat bu coğrafiyanın genişlənməsi üçün imkanların mövcud olduğunu diqqətə çatdırıb.

Samir Vəliyev yaşıl enerji sahəsində əməkdaşlığın da perspektivlərinin geniş olduğunu qeyd edib. Onun fikrincə, Xəzər dənizinin külək enerjisi potensialı, Günəş enerjisi layihələri, Mərkəzi Asiya ilə yaşıl enerji dəhlizlərinin yaradılması və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Avropa bazarları ilə əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Deputat nəqliyyat və logistika sahəsində Azərbaycanın rolunun da xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzi kimi mövqeyini gücləndirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və dəmir yolu infrastrukturunun inkişafı, eləcə də Naxçıvan dəmir yolu bağlantısı üzrə əməkdaşlıq Avropa ilə Mərkəzi Asiya arasında daşımaların genişləndirilməsi üçün yeni imkanlar yaradır.

“Beləliklə, Avropanın Azərbaycana marağı ayrı-ayrı diplomatik görüşlərlə məhdudlaşmır. Enerji təhlükəsizliyi, yaşıl keçid, nəqliyyat bağlantıları, investisiyalar və regional sabitlik bu marağın əsasını təşkil edir. Yüksəksəviyyəli görüşlər, Avropa rəsmilərinin Bakıya səfərləri və birgə layihələr Azərbaycanın Avropa üçün etibarlı və strateji əhəmiyyətli tərəfdaş kimi rolunun genişləndiyini göstərir”, – deyə Samir Vəliyev vurğulayıb.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın