Müstəqil Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlərin, beynəlxalq mövqeyinin və regional gücünün formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs mühüm rol oynayıb. Yeni Azərbaycan Partiyasının yaradılması, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və ölkənin uzunmüddətli inkişaf strategiyasının müəyyən edilməsi Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoyub.
Milli Məclisin deputatı Tural Gəncəliyev “Aktual Xəbər”ə açıqlamasında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi əhəmiyyətindən, Heydər Əliyevin dövlətçilik irsindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələrindən danışıb.
Deputat bildirib ki, müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsini, əldə etdiyi uğurları və yaxın keçmişdə keçdiyi tarixi yolu təhlil edərkən ilk növbədə Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinə, Yeni Azərbaycan Partiyasının yaradılmasına və ölkə rəhbərliyinə qayıdışına diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, Heydər Əliyev həm partiyanın formalaşmasında, həm də Azərbaycanın gələcək siyasi istiqamətinin müəyyənləşdirilməsində həlledici rol oynayıb.
Tural Gəncəliyev qeyd edib ki, Ümummilli Lider 1993-cü ildən 2003-cü ilədək ölkəyə rəhbərlik etdiyi dövrdə müasir, güclü və müstəqil Azərbaycanın təməlini formalaşdırıb, dövlətin siyasi və iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirib. Həmin dövrdə əsası qoyulan dövlətçilik strategiyası sonrakı illərdə ölkənin inkişafı üçün möhkəm zəmin yaradıb.
Deputat vurğulayıb ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyev bu siyasi kursu davam etdirərək Azərbaycanı daha yüksək inkişaf mərhələsinə yüksəldib. Bu gün Yeni Azərbaycan Partiyasının qurultaylarında dövlət başçısının çıxışları ölkənin gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin qurultaylardakı çıxışları mahiyyət etibarilə ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən edən yol xəritəsi rolunu oynayır. Həmin çıxışlarda Azərbaycanın qarşısında duran strateji hədəflər, prioritetlər və gələcək inkişaf istiqamətləri aydın şəkildə ifadə olunur.
Tural Gəncəliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası və onun müəyyənləşdirdiyi siyasi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz bu siyasi varislik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına, Ermənistanın işğalçılıq siyasətinin iflasa uğradılmasına, ölkəmizin müstəqil və güclü dövlət kimi mövqeyinin möhkəmlənməsinə zəmin yaradıb.
Deputat Azərbaycanın beynəlxalq nüfuzunun və regional əhəmiyyətinin də əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb. Qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyi və sözü olan, mühüm regional və qlobal layihələrin həyata keçirilməsində aparıcı rol oynayan dövlətdir.
O bildirib ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi beynəlxalq əhəmiyyətli layihələrdə Azərbaycanın iştirakı ölkəmizin strateji mövqeyini daha da gücləndirir. Beynəlxalq təşkilatların və dünyanın aparıcı güc mərkəzlərinin Azərbaycanla əməkdaşlığa maraq göstərməsi də ölkənin artan nüfuzunun göstəricisidir.
Tural Gəncəliyevin sözlərinə görə, bütün bu nailiyyətlərin əsasında vaxtilə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası, yaratdığı siyasi irs və möhkəm təməllər dayanır. Bu gün həmin siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycanın müstəqil, suveren və güclü dövlət kimi inkişafını təmin edir.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


