Putinin iqamətgahı ətrafında HHM halqası genişləndirildi: Qüllələrin sayı 50-dən çoxdur
Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahı ətrafında müdafiə tədbirləri kəskin şəkildə artırılıb. İqamətgahdan 50 kilometrlik radiusda Hava Hücumundan Müdafiə (HHM) qüllələrindən ibarət yeni xarici halqa yaradılıb.
“Realist.az”ın “Radio Svoboda”ya istinadən verdiyi məlumata görə, yeni müdafiə zolağı prezidentin Xotilovodakı “ehtiyat aerodromunu” və Lisiy adasındakı məxfi obyekti əhatə edir.
“Pantsir” və “Tor” kompleksləri üçün yeni qüllələr
Məlumata görə, oktyabr ayında iqamətgahın cənub istiqamətində 15-dən çox yeni HHM qülləsi quraşdırılıb. Həmin obyektlərdə “Pantsir” və ya “Tor” zenit-raket komplekslərinin yerləşdirilməsi nəzərdə tutulur.
Bu xarici halqanın ilk qüllələrindən biri hələ 2026-cı ilin martında Xotilovo hərbi bazasında inşa edilmişdi. Həmin baza Putinin müntəzəm istifadə etdiyi strateji obyektlərdən biridir və oradan Valday iqamətgahına xüsusi dəmir yolu xətti uzanır.
Məxfi laboratoriya və anbar ərazisi mühafizə olunur
HHM mövqelərinin bir hissəsi Vışnevolotsk su anbarının sahilində yerləşdirilib. Su anbarının mərkəzindəki Lisiy adasında isə Rusiya hərbçiləri tərəfindən yeni laboratoriya kompleksi tikilib. İddialara görə, bu obyekt Rusiyanın bioloji silah proqramı ilə əlaqəlidir.
100 minlik əhali üçün 50-dən çox HHM sistemi
Xəbərdə vurğulanır ki, hazırda Valday ərazisində HHM mövqelərinin ümumi sayı 50-ni ötüb:
“Müqayisə üçün qeyd edək ki, 20 milyondan çox əhalisi olan Moskva və Moskva vilayətində müharibə başlayandan bəri tikilən HHM mövqeləri Valdaydakından cəmi iki dəfə çoxdur. Halbu ki, Valday rayonu və 50 kilometrlik radiusda ümumilikdə 100 mindən az insan yaşayır.”
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

