Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində Azərbaycan millisinin liderlərindən olan Hidayət Heydərov fəxri kürsüyə qalxıb.
Realist.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ardıcıl olaraq Lusian Borş Dumitresku (Rumıniya), Əbdül Malik Umayev (Belçika) və Akil Qyakovanı (Kosovo) məğlub edərək yarımfinala yüksəlib.
Yarımfinal mərhələsində Tacikistan idmançısı Məsudi Əhmədzoda ilə qarşılaşmada məğlub olan H.Heydərov təsəlliverici görüşə çıxıb. Üçüncü yer uğrunda həlledici batalda Böyük Britaniya təmsilçisi İrakli Qoqinaşviliyə qalib gələn idmançımız bürünc medala sahib olub.
Bu nəticə ilə Azərbaycan milli komandasının Əbu-Dabi turnirində qazandığı medalların sayı 4-ə çatıb. Xatırladaq ki, daha əvvəl Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) turnirin qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medalını ölkəmizə qazandırıblar.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
