Azərbaycanda lotereya və mərc oyunlarına 22%-lik alternativ vergi rejimi tətbiq ediləcək
Azərbaycanda lotereya və mərc oyunları sahəsində fəaliyyət göstərən subyektlər üçün 22 faizlik alternativ vergi rejiminin tətbiqi nəzərdə tutulur.
Realist.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov bildiriş yayıb.
N. İmanovun sözlərinə görə, mühüm addımlardan biri olan bu mexanizm dünya təcrübəsində geniş istifadə edilən vergitutma qaydalarına əsaslanır:
“Bu, ümumi vergi qaydalarından fərqli bir yanaşmadır. Yeni mexanizmə əsasən, ümumi dövriyyədən uduş fondu çıxıldıqdan sonra qalan xalis məbləğ 22 % dərəcə ilə vergiyə cəlb olunacaq. Əsas məqsəd vətəndaşların ölkə daxilində və ya xaricdə təşkil olunan qanunsuz mərc oyunlarında iştirak edərək vəsaitlərini qeyri-rəsmi kanallarla xərcləməsinin qarşısını almaq, leqal bazarın imkanlarını genişləndirməkdir.”
DVX rəsmisi əlavə edib ki, yaradılan bu imkan sayəsində operatorlar gəlirlərinin daha böyük hissəsini uduş fonduna yönəldə biləcəklər. Bu da uduşların həcmini və faiz nisbətini artıraraq leqal oyunlara olan marağı yüksəldəcək, nəticədə kölgə iqtisadiyyatına yönələn ödənişlərin qarşısı alınacaq.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
