Sosial şəbəkələrdə və digər internet resurslarında böhtan və təhqirə məruz qalan şəxslərin hüquqlarının müdafiəsi, məhkəməyə müraciət qaydaları və sübutların təqdim edilməsi ilə bağlı mühüm məqamlara aydınlıq gətirilib.

Realist.az xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundov bildirib ki, böhtan və təhqirlə bağlı xüsusi ittiham qaydasında şikayətlər yazılı formada aidiyyəti birinci instansiya məhkəməsinə təqdim edilməlidir.

Məhkəmə aidiyyəti necə müəyyən olunur?

Hakimin sözlərinə görə, ümumi qaydaya əsasən, belə şikayətlərə cinayətin törədildiyi yer üzrə məhkəmədə baxılır. Lakin media və internet resurslarında yayılan təhqir və böhtanlarla bağlı xüsusi qaydalar mövcuddur:

  • Hüquqi ünvanı bəlli olan media/saytlar: Şikayət müvafiq media vasitəsinin və ya saytın hüquqi ünvanı nəzərə alınmaqla müəyyən edilir.

  • Xarici platformalar və ya sosial şəbəkələr (Facebook, Instagram və s.): Məlumat xaricdə qeydiyyatdan keçmiş platformada yayıldıqda, şikayət məlumatı yaymış şəxsin Azərbaycan Respublikasındakı qeydiyyat ünvanı (və ya sonuncu yaşayış yeri) üzrə məhkəməyə təqdim edilməlidir. Paylaşımın fiziki olaraq hardan edilməsi aidiyyəti dəyişmir.

Sübutlar necə toplanmalıdır?

F. Axundov vurğulayıb ki, məhkəməyə müraciət edərkən sübutların düzgün toplanması həlledici rol oynayır:

  1. Mənbə və məzmun qorunmalıdır: İnternet keçidi (link), hesabın/kanalın adı, yayım tarixi, mətn və video materiallar saxlanılmalıdır.

  2. Kontekst nəzərə alınmalıdır: Videolarda mübahisəli ifadə ilə yanaşı, onun işlədildiyi ümumi kontekst də təqdim edilməlidir.

  3. Ekran görüntüləri (Screenshot): Ekran görüntülərinin nə vaxt və hansı hesabdan alındığı dəqiq göstərilməlidir.

Şikayət ərizəsində nələr qeyd olunmalıdır?

Cinayət-Prosessual Məcəlləsinin 293.3.1–293.3.7-ci maddələrinə əsasən, şikayət ərizəsində aşağıdakı məlumatlar yer almalıdır:

  • Müraciət edənin anket məlumatları (ad, soyad, ata adı, təvəllüd, yaşayış yeri və məşğuliyyəti);

  • Əməlin mahiyyəti, törədildiyi yer, vaxt və şərait (vurulmuş ziyan varsa, qeyd olunmalıdır);

  • Barəsində şikayət verilən şəxsin anket məlumatları və əməli onun törətdiyini təsdiqləyən sübutlar, şahidlər, sənədlər;

  • Təhqir və ya böhtan hesab edilən konkret ifadələrin dəqiq göstərilməsi;

  • Şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə xahiş, tarix, tərtib yeri və imza.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın