Tərtərdə yaşlı cütlüyü amansızlıqla öldürüb yandıran şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR

Tərtərdə iki nəfəri tamah məqsədilə xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

Realist.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu il avqustun 6-da Tərtər şəhəri, Nəriman Nərimanov küçəsi ev 38 ünvanında yerləşən fərdi evdə yanğın baş verib. Hadisə yerində evdə yaşayan 1954-cü il təvəllüdlü Adilə Hüseynova və onun həyat yoldaşı, 1941-ci il təvəllüdlü Əsgər Səmədovun üzərlərində zorakılıq əlamətləri olan kömürləşmiş meyitləri aşkar edilib. Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları İdarəsinin Kriminalistika şöbəsində geniş araşdırma aparılıb.

Cinayətin təfərrüatları açıldı

Aparılan istintaqla 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vüqar Baxşəliyevin tamah məqsədilə qanunsuz olaraq cütlüyün yaşadığı mənzilə daxil olmasına dair esaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, o, kəsici alətlə zərərçəkənlərə xəsarətlər yetirib, evdən külli miqdarda pul vəsaitini talayıb. Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə özü ilə gətirdiyi yanacaqdan istifadə edərək mənzili və zərərçəkmiş şəxsləri yandıraraq onları xüsusi amansızlıqla qəsdən öldürüb.

Ağır maddələrlə ittiham olunur

Toplanmış təkzibedilməz sübutlar əsasında Vüqar Baxşəliyevə Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə yenidən ağır ittiham elan edilib:

  • 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə)

  • 120.2.6 (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə)

  • 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə)

  • 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə)

  • 181.3.3 (quldurluq)

  • 186.2.2 (yandırmaqla əmlakı qəsdən məhv etmə)

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın