EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Sənəd mövcud əməkdaşlıq potensialını daha geniş strateji çərçivədə birləşdirir, ikitərəfli münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirir və yeni tərəfdaşlıq imkanları yaradır.

Bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Realist.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər uzunmüddətli siyasi dialoqa, qarşılıqlı etimada və iqtisadi əməkdaşlıq ənənələrinə əsaslanır. Müstəqillik əldə etdikdən sonra əsası qoyulan bu əlaqələr 1994 və 1998-ci illərdə imzalanmış sənədlərlə daha da möhkəmlənib. Yeni Bəyannamə isə tərəfdaşlığın müasir geosiyasi və iqtisadi reallıqlara uyğun yenilənməsini ifadə edir.

P.Vəliyeva qeyd edib ki, sənədin əsas siyasi mesajlarından biri beynəlxalq hüququn fundamental prinsiplərinə, BMT Nizamnaməsinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verilən dəstəyin bir daha təsdiqlənməsidir. Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalara və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlara müsbət münasibət ifadə olunur. Böyük Britaniya Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın möhkəmləndirilməsinə dəstəyini bəyan edir.

Deputat müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini də sənədin mühüm istiqamətlərindən biri kimi dəyərləndirib. Bildirib ki, bu əməkdaşlıq hərbi təlim və hazırlıq, institusional potensialın gücləndirilməsi, əməliyyat uyğunluğu, müdafiə sənayesi, hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyət və sərhəd idarəçiliyi kimi sahələri əhatə edir.

Onun sözlərinə görə, Böyük Britaniyanın hərbi və texnoloji imkanları Azərbaycan üçün bu istiqamətlərdə yeni əməkdaşlıq perspektivləri aça bilər. Xüsusilə hərbi təlim, müasir texnologiyalar və institusional təcrübə mübadiləsi vasitəsilə kibertəhlükəsizliyin və ümumilikdə müdafiə imkanlarının gücləndirilməsinə töhfə vermək mümkündür.

P.Vəliyeva iqtisadi əməkdaşlığın genişləndirilməsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, ticarət və investisiya əlaqələrinin inkişafı, biznes tərəfdaşlıqlarının təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, maliyyə bazarları və kapital qoyuluşu imkanlarının genişləndirilməsi sənəddə müəyyənləşdirilən prioritetlər sırasındadır.

Deputat xüsusilə bərpaolunan enerji, infrastruktur, nəqliyyat və logistika sahələrində əməkdaşlığın perspektivlərinə diqqət çəkib. Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində və Orta Dəhliz marşrutunda artan rolunun ölkənin regional və beynəlxalq iqtisadi əlaqələr sistemində strateji əhəmiyyətini gücləndirdiyini bildirib. Bu baxımdan Böyük Britaniya ilə nəqliyyat-logistika infrastrukturunun, sərhədlərarası bağlantıların və xidmət sektorunun inkişafı üzrə əməkdaşlıq yeni iqtisadi imkanlar yarada bilər.

O, enerji sahəsində tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu da diqqətə çatdırıb. Bildirib ki, BP ilə üç onillikdən artıq müddətdə davam edən ənənəvi enerji əməkdaşlığı hazırda yaşıl enerji keçidi ilə bağlı yeni istiqamətlərlə tamamlanır. Azərbaycanın bərpaolunan enerji potensialı, enerji marşrutlarının şaxələndirilməsi və yaşıl iqtisadiyyata keçid siyasəti Böyük Britaniyanın maliyyə, texnologiya və investisiya imkanları ilə uzlaşdırıla bilər.

Deputatın fikrincə, yaşıl maliyyələşdirmə mexanizmləri, aşağı karbonlu texnologiyalar və enerji infrastrukturu üzrə əməkdaşlıq həm iqtisadi artıma, həm də iqlim məqsədlərinə töhfə verə bilər. Bu istiqamətdə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə xüsusi əhəmiyyət verilməsi vacibdir. Komissiya siyasi səviyyədə müəyyənləşdirilən prioritetlərin konkret iqtisadi layihələrə və praktiki nəticələrə çevrilməsi üçün mühüm platforma rolunu oynaya bilər.

P.Vəliyeva təhsil, elm, innovasiya və texnologiya sahələrində əməkdaşlığın da gələcək inkişaf baxımından əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, ali və peşə təhsili, kadr hazırlığı, rəqəmsal və texniki bacarıqların inkişafı, süni intellekt, rəqəmsal idarəetmə və elmi tədqiqatlar üzrə əməkdaşlıq insan kapitalının gücləndirilməsinə xidmət edəcək.

Deputat bildirib ki, Böyük Britaniyanın nüfuzlu universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və özəl sektor arasında tərəfdaşlıqların genişləndirilməsi bilik və texnologiya transferinə, innovativ həllərin tətbiqinə və yeni nəsil mütəxəssislərin yetişdirilməsinə imkan verə bilər.

Sonda deputat vurğulayıb ki, Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməsi təhlükəsizlik, iqtisadi inkişaf və insan kapitalı kimi üç mühüm istiqaməti vahid strateji çərçivədə birləşdirir. Tərəfdaşlığın gələcək uğuru isə qarşılıqlı maraqların uzlaşdırılmasından, siyasi dialoqun davamlılığından və bəyan edilmiş məqsədlərin konkret layihələr və real nəticələrlə dəstəklənməsindən asılı olacaq.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın