Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 18–24 noyabr tarixlərində qeyd edilən Antimikrob Müqaviməti Maarifləndirmə Həftəsi ərəfəsində beynəlxalq ictimaiyyətə təcili çağırış ünvanlayıb.
Realist.az ÜST-nin rəsmi saytına istinadən xəbər verir ki, bakteriyaların antibiotiklərə qarşı getdikcə daha çox müqavimət göstərməsi səbəbindən lazımi tədbirlər görülməsə, növbəti 25 ildə 39 milyon insan həyatını itirə bilər.
Söhbət hansı təhlükədən gedir və nələrə diqqət etməliyik?
Nefroloq Elnur Fərəcov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının bu çağırışı bəşəriyyətin qarşılaşdığı ən ciddi səhiyyə problemlərindən birinə diqqət çəkmək məqsədi daşıyır.
Onun sözlərinə görə, antimikrob müqavimət əvvəllər antibiotiklərlə asanlıqla müalicə olunan bəzi bakterial infeksiyaların artıq həmin dərmanlara cavab verməməsi deməkdir. Nəticədə adi infeksiyaların müalicəsi çətinləşir, xəstəxanada qalma müddəti uzanır, ağırlaşma və ölüm riski artır.
“Antibiotiklərə qarşı müqavimət insan orqanizmində deyil, bakteriyalarda yaranır. Yəni antibiotikə öyrəşən insan deyil, bakteriyadır”, – deyə nefroloq qeyd edib.
Elnur Fərəcovun sözlərinə görə, problem yalnız infeksion xəstəliklərlə məhdudlaşmır. Müasir tibbin bir çox sahəsi, o cümlədən cərrahiyyə, onkoloji müalicə, reanimasiya və orqan transplantasiyası effektiv antibiotiklərin mövcudluğundan asılıdır.
“Məsələn, böyrək transplantasiyası keçirmiş xəstələrdə immuniteti zəiflədən dərmanlardan istifadə olunur. Belə xəstələrdə antibiotiklərə davamlı bakteriyaların törətdiyi infeksiyalar xüsusilə ciddi təhlükə yarada bilər”, – deyə o bildirib.
Nefroloq 39 milyon ölüm proqnozunun da düzgün anlaşılmasının vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu rəqəm həmin insanların hamısının mütləq həyatını itirəcəyi anlamına gəlmir.
“Bu, mövcud tendensiyalar davam edərsə, qarşıdakı 25 il ərzində antibiotiklərə davamlı bakterial infeksiyalarla birbaşa əlaqəli ola biləcək ölümlərin elmi modellərə əsaslanan proqnozudur.
Bu təhlükənin qarşısını almaq üçün ilk növbədə antibiotiklərdən düzgün istifadə etməyi öyrənməliyik. Təəssüf ki, insanlar bəzən adi soyuqdəymə, qrip və digər virus infeksiyaları zamanı belə antibiotik qəbul edirlər. Halbuki antibiotiklər viruslara təsir etmir. Bu dərmanlar yalnız həqiqətən ehtiyac olduqda, həkim təyinatı ilə, düzgün dozada və müəyyən edilmiş müddətdə istifadə edilməlidir”, – deyə E. Fərəcov diqqətə çatdırıb.
O, digər vacib məsələnin xəstəxanalarda infeksiyalara nəzarətin gücləndirilməsi olduğunu bildirib.
“Antibiotik təyin etməzdən əvvəl, mümkün olduqda, bakterioloji müayinə və antibiotikə həssaslıq testi aparılmalıdır. ÜST-ün 2026-cı il məlumatlarına görə, dünyada laboratoriya ilə təsdiqlənmiş bakterial infeksiyaların təxminən hər altısından birində antibiotiklərə müqavimət müşahidə olunur. Bu isə təhlükənin artıq real olduğunu göstərir”, – deyə nefroloq vurğulayıb.
Elnur Fərəcov qeyd edib ki, antibiotiklər müasir tibbin ən böyük nailiyyətlərindən biridir. Lakin onlardan düzgün istifadə edilməməsi gələcək nəsillər üçün bu dərmanların effektivliyini itirməsi təhlükəsini yaradır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


