Azərbaycanla Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkəmizin xarici siyasətində və ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələdir. Sənəd Azərbaycan–Böyük Britaniya münasibətlərinin ənənəvi enerji əməkdaşlığı çərçivəsindən çıxaraq müdafiə, təhlükəsizlik, nəqliyyat, yüksək texnologiyalar, investisiya və innovasiya sahələrini əhatə edən daha geniş strateji müstəviyə keçməsinə zəmin yaradır.
Bu barədə Milli Məclisin deputatı Müşfiq Məmmədli “Realist.az”-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Bəyannamənin Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından xüsusi siyasi əhəmiyyəti var. Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvü, dünyanın aparıcı iqtisadi və maliyyə mərkəzlərindən biridir. Belə bir dövlətlə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Azərbaycanın beynəlxalq siyasi dialoq imkanlarını genişləndirir.
Onun sözlərinə görə, Bəyannamədə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinin təsbit olunması da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Böyük Britaniya Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasına yönəlmiş səylərə dəstəyini bir daha ifadə edir. Bu yanaşma Cənubi Qafqazda formalaşan yeni regional əməkdaşlıq imkanları baxımından əhəmiyyətli siyasi mesajdır.
M.Məmmədli vurğulayıb ki, Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlıq artıq yalnız neft və qaz hasilatı ilə məhdudlaşmır. Böyük Britaniya uzun illərdir Azərbaycanın əsas xarici investorlarından biridir. Azərbaycan Energetika Nazirliyinin 2026-cı ilin oktyabrında açıqladığı məlumata görə, Britaniyanın ölkəmizə yatırdığı investisiyaların həcmi 39 milyard ABŞ dollarını ötüb. Bu əməkdaşlığın əsas iştirakçılarından olan BP şirkəti Azərbaycanın enerji sektorunun inkişafında mühüm rol oynayıb.
Deputatın fikrincə, yeni mərhələdə bərpaolunan enerji mənbələrinin inkişafı, Xəzər regionundan Avropaya yaşıl enerjinin ötürülməsi, enerji infrastrukturunun modernləşdirilməsi və aşağıkarbonlu texnologiyaların tətbiqi istiqamətində əlavə imkanlar yaranır. Xüsusilə Xəzər–Qara dəniz–Avropa yaşıl enerji dəhlizi layihəsində Britaniya kapitalının və texnologiyalarının iştirakı Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da şaxələndirə bilər.
O, müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığın da Bəyannamənin diqqətçəkən istiqamətlərindən biri olduğunu bildirib. Sənəddə hərbi kadrların hazırlanması, təcrübə mübadiləsi, əməliyyat imkanlarının artırılması və müdafiə sənayesi üzrə birgə təşəbbüslərin araşdırılması nəzərdə tutulur.
Deputat əlavə edib ki, bu çərçivədə kibertəhlükəsizlik, hərbi təhsil, müasir müdafiə texnologiyaları və müdafiə sənayesində mümkün birgə istehsal layihələri perspektivli istiqamətlərdir. Belə əməkdaşlıq Azərbaycanın müdafiə sənayesinin texnoloji imkanlarının genişləndirilməsinə və beynəlxalq tərəfdaşlarının şaxələndirilməsinə xidmət edə bilər. Bununla belə, konkret istehsal və texnologiya transferi layihələrinin reallaşması ayrıca razılaşmalardan asılı olacaq.
M.Məmmədli nəqliyyat və logistika sahəsində Orta Dəhlizin inkişafının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan artıq Şərqlə Qərb arasında mühüm tranzit və logistika qovşağı kimi çıxış edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər infrastruktur layihələri ölkəmizin tranzit potensialının artırılması üçün əsas yaradır.
Deputat bildirib ki, Böyük Britaniyanın beynəlxalq maliyyə, logistika və infrastruktur layihələrinin idarə olunması sahəsində təcrübəsi Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsinə töhfə verə bilər. Xüsusilə liman infrastrukturunun genişləndirilməsi, yükdaşımaların rəqəmsallaşdırılması, multimodal daşımaların inkişafı və yeni logistika mərkəzlərinin yaradılması istiqamətində əməkdaşlıq imkanları mövcuddur. Bəyannamədə Orta Dəhlizin inkişafına dəstəyin nəzərdə tutulması da bu baxımdan əhəmiyyətlidir.
O qeyd edib ki, iqtisadi əməkdaşlığın əsas hədəflərindən biri investisiyaların qeyri-neft sektoruna yönəldilməsi olmalıdır. Böyük Britaniyanın maliyyə institutları, investisiya fondları və texnologiya şirkətləri ilə əməkdaşlıq sənaye, rəqəmsal iqtisadiyyat, süni intellekt, kənd təsərrüfatı, səhiyyə texnologiyaları və xidmət sektorunun inkişafına yeni imkanlar aça bilər.
Deputatın fikrincə, strateji tərəfdaşlığın real iqtisadi nəticələri yalnız investisiyaların həcmi ilə deyil, ölkəyə gətirilən yeni texnologiyalar, yaradılan yüksəkmaaşlı iş yerləri, yerli mütəxəssislərin hazırlanması və ixrac potensialının artırılması ilə də ölçülməlidir.
M.Məmmədli Bəyannamədə əməkdaşlığın icrasını izləmək və yeni prioritetləri müəyyənləşdirmək məqsədilə hər il Strateji Tərəfdaşlıq görüşünün keçirilməsinin nəzərdə tutulmasını da müsbət qiymətləndirib. Bildirib ki, bu mexanizm siyasi razılaşmaların konkret layihələrə çevrilməsi baxımından əhəmiyyətlidir.
“Hesab edirəm ki, Azərbaycanla Böyük Britaniya arasında strateji tərəfdaşlığın əsas perspektivi qarşılıqlı iqtisadi maraqların uzunmüddətli siyasi və texnoloji əməkdaşlıqla tamamlanmasındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursu çərçivəsində bu münasibətlər ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi üçün əlavə imkanlar yaradır.
Nəticə etibarilə, imzalanmış Birgə Bəyannamə yalnız diplomatik münasibətlərin yeni statusunu ifadə edən sənəd deyil, həm də enerji təhlükəsizliyi, müdafiə sənayesi, nəqliyyat bağlantıları, iqtisadi şaxələndirmə və texnoloji inkişaf üzrə praktiki əməkdaşlığın genişləndirilməsi üçün siyasi çərçivədir. Qarşıdakı mərhələdə əsas vəzifə bu imkanların konkret investisiya layihələrinə, yeni istehsal sahələrinə və Azərbaycan iqtisadiyyatı üçün ölçülə bilən nəticələrə çevrilməsidir”, – deyə deputat vurğulayıb.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


