Tanınmış televiziya aparıcısı Ada Süleymanovanın həlak olduğu dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
Realist.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb və müvafiq ekspertizalar təyin edilib.
Qəzanın təfərrüatları: “VOYAH” markalı avtomobil yük maşını ilə toqquşub
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Realist.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən “VOYAH” markalı minik avtomobili ilə yük avtomobilinin toqquşduğu və minik maşınındakı şəxslərin həyatını itirərək deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Həlak olanların kimliyi məlum olub
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə iki nəfərin meyitini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər:
-
Sürücü: Kərimov Anar Alik oğlu;
-
Sərnişin: Süleymanova Ada Ceyhun qızı.
Doğum gününü qeyd etdikdən sonra evə qayıdırmış
Qeyd edək ki, qəzada həyatını itirən Ada Süleymanova ARB TV-nin keçmiş aparıcısı olub. Məlumata görə, gənc aparıcı doğum gününü qeyd etdikdən sonra evə qayıdarkən qəzaya düşüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


