Azərbaycanda beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan şirkətlər üçün vergi güzəştlərinin tətbiqi, bu sahədə istifadə edilən nəqliyyat vasitələrinin idxalının isə ƏDV və gömrük rüsumlarından azad edilməsi təklif edilir.
Realist.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 27-də keçirilən iclasında müzakirə olunan qanun layihəsində əksini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Novruz Orucov Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən təkliflərin beynəlxalq yükdaşıma sektorunun inkişafına yönəldiyini bildirib.
Onun sözlərinə görə, dəyişikliklər elektron əmtəə-nəqliyyat qaiməsi olmadan yük daşınmasına nəzarətin gücləndirilməsini və bu cür hallara görə maliyyə sanksiyalarının tətbiqini də nəzərdə tutur.
Qanun layihəsində beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergi güzəştlərinin verilməsi, müvafiq nəqliyyat vasitələrinin idxalının ƏDV və gömrük rüsumundan azad edilməsi təklif olunur.
Bildirilib ki, dəyişikliklərin əsas məqsədi yükdaşıma sektorunda şəffaflığı artırmaq, milli daşıyıcıların rəqabət qabiliyyətini yüksəltmək və nəqliyyat parkının yenilənməsini təşviq etməkdir.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


