Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində yeni qaydaların tətbiqi, qiymətləndiricilərin fəaliyyətinin təkmilləşdirilməsi və bu prosesdə şəffaflığın artırılması təklif olunur.
Realist.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 27-də keçirilən iclasında müzakirə olunub.
Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov qanun layihəsini təqdim edərək bildirib ki, dəyişikliklər Espo Konvensiyasının tələblərinə uyğun olaraq hazırlanıb.
Təklif olunan yeniliklərə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi prosesində mütəxəssislərin ixtisaslaşması, onların attestasiya prosedurlarının yenilənməsi və müstəqil fəaliyyət imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, transsərhəd təsirlərin qiymətləndirilməsi zamanı şəffaflığın və obyektivliyin artırılması məqsədilə Su və Meşə məcəllələrində, eləcə də “Ətraf mühitin mühafizəsi haqqında”, “Tullantılar haqqında”, “Turizm haqqında”, “Dəniz limanları haqqında” və digər qanunlarda müvafiq dəyişikliklər təklif edilir.
Qanun layihəsi ətraf mühitin mühafizəsi sahəsində mövcud mexanizmlərin təkmilləşdirilməsinə və qiymətləndirmə prosesinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına xidmət edir.
Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


