Realist.az xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Co Baydenin “Mənə söz ver, Amerika” adlı memuarı satışa çıxdığı ilk həftədə təxminən 21 min nüsxə tirajla satılıb. Kitab “The New York Times” nəşrinin qeyri-bədii ədəbiyyat üzrə bestseller siyahısına başçılıq etsə də, əldə olunan nəticələr əvvəlki ABŞ prezidentlərinin memuar göstəricilərindən xeyli zəif olub.
Müqayisə üçün qeyd edək ki, Barak Obamanın “Vəd edilmiş torpaq” kitabı 2020-ci ildə işıq üzü gördükdən sonra ilk sutka ərzində 800 mindən çox nüsxə satılmış, həftənin sonuna isə bu rəqəm bir milyonu ötmüşdü. Bill Klintonun 2004-cü ildə nəşr olunan “Mənim həyatım” memuarı da ilk iki həftədə bir milyonluq satış həddini keçmişdi.
Baydenin kitabı ədəbi tənqidçilər tərəfindən də soyuq qarşılanıb. Rəylərdə müəllifin öz prezidentlik dövrünə, eləcə də yaşı və səhhəti ilə bağlı narahatlıqlar fonunda 2024-cü il seçkilərindən imtina etməsinin səbəblərinə demək olar ki, toxunmadığı vurğulanıb. Satışların aşağı olmasına məhdud reklam kampaniyasının da təsir göstərdiyi bildirilir — hazırda 84 yaşlı Bayden xərçəng xəstəliyindən müalicə alır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


