Ağdam Şəhəri Günü münasibətilə doğma yurda qayıdan Qarabağ atları öz əzəməti və süvarilərin məharətli çıxışları ilə tamaşaçılara unudulmaz anlar yaşadıb.
Realist.az xəbər verir ki, noyabrın 20-də Ağdamda keçirilən bayram tədbirləri çərçivəsində İmarət Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının iştirakı ilə möhtəşəm şou proqramı təşkil olunub.
Tədbirdə hərbi orkestrin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından musiqi nömrələri səsləndirilib. Rəqs ansamblının çıxışları da bayram proqramına xüsusi rəng qatıb.
Daha sonra Qarabağ atları üzərində çıxış edən süvarilər müxtəlif məharət nümunələri nümayiş etdiriblər. Atların iştirakı ilə keçirilən nömrələr tamaşaçıların böyük marağına səbəb olub. Proqram çərçivəsində qədim milli atüstü oyunlarımızdan olan çövkən də nümayiş etdirilib.
Qeyd edək ki, Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər Qarabağ atlarının şəhər küçələrindən İmarət Kompleksinə doğru yürüşü ilə başlayıb. Silsilə tədbirlərin təşkilində Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qarabağ Dirçəliş Fondu, Atçılıq Federasiyası və Dövlət Turizm Agentliyi iştirak edib.
Qarabağ atlarının doğma Ağdam torpağında nümayiş etdirdiyi bu mənzərə milli irsimizin, tarixi ənənələrimizin və Zəfərimizin rəmzi kimi xüsusi məna daşıyıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


