
Ölkədə heyvan xəstəliklərinin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər aparılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Realist.az-a verilən məlumata görə, monitorinqlər noyabrın 16-dan 20-dək respublikanın müxtəlif ərazilərində həyata keçirilib.
Bildirilib ki, tədbirlər çərçivəsində heyvanların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün kliniki müayinələr aparılıb, laborator analizlər üçün nümunələr götürülüb. Həmçinin heyvanların saxlanıldığı yerlərin baytarlıq-sanitariya vəziyyəti yoxlanılıb.
Monitorinqlər zamanı heyvan sahibləri ilə maarifləndirici söhbətlər də aparılıb. Onlara baytarlıq norma və qaydalarına əməl olunması, yoluxucu xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin əhəmiyyəti barədə məlumat verilib.
Qeyd edək ki, bu tədbirlər ölkə ərazisində epizootik sabitliyin qorunmasına, xüsusi təhlükəli heyvan xəstəliklərinin erkən aşkarlanmasına və yayılmasının qarşısının alınmasına xidmət edir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


