Çində böyük uğur: Selcan Mahsudova Olimpiya çempionunu qabaqlayaraq FİNALA YÜKSƏLDİ
Azərbaycan təmsilçisi Selcan Mahsudova Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu dünya çempionatında qadınların fərdi proqramında finala vəsiqə qazanıb.
Realist.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Milli komandanın üzvü batut gimnastikası üzrə yarışın yarımfinal mərhələsində 56.140 xal toplayaraq 6-cı yeri tutub və finalda medallar uğrunda mübarizə aparmaq hüququ əldə edib.
Selcan Mahsudovanın bu uğurlu çıxışının ən diqqətçəkən məqamlarından biri onun Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Brayoni Peydci tam altı pillə qabaqlaması olub.
Maqsud Mahsudov və qarışıq sinxron proqramı
Kişilərin fərdi proqramında çıxış edən digər təmsilçimiz Maqsud Mahsudov yarımfinalda 37.850 xal toplayaraq yarışı 20-ci pillədə başa vurub.
Bununla belə, Selcan Mahsudova və Maqsud Mahsudov cütlüyü qarışıq sinxron proqramda da əla çıxış edərək adlarını finalçılar sırasına yazdırıblar. Beləliklə, Selcan Mahsudova dünya çempionatında iki müxtəlif proqram üzrə medal qazanmaq uğrunda mübarizə aparacaq.
Dünya çempionatında Azərbaycan gimnastlarının çıxışları davam edir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

