Milli Məclisin deputatı, professor Elman Nəsirov Realist.az-a açıqlamasında bu qərarların əhəmiyyətindən danışarkən bildirib ki, türk dövlətlərinin mədəni sahədə birgə fəaliyyətinin genişlənməsi xalqlar arasında mənəvi yaxınlığı daha da möhkəmləndirir.
Deputat xatırladıb ki, Özbəkistanın Əndican şəhərində keçirilən TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 43-cü iclasında bir sıra mühüm qərarlar qəbul olunub. Belə ki, 2027-ci il “Çolpan ili”, 2028-ci il isə “Çingiz Aytmatov ili” elan edilib. Eyni zamanda, Kayseri və Talas şəhərlərinə müvafiq olaraq 2027 və 2028-ci illərdə Türk Dünyasının Mədəniyyət Paytaxtı statusu verilib.
E.Nəsirovun fikrincə, bu təşəbbüslərin əhəmiyyəti yalnız yubileylərin qeyd olunması və şəhərlərin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə məhdudlaşmır. Əsas məqsəd türk xalqlarının ortaq mədəni yaddaşını aktuallaşdırmaq, zəngin irsi yeni nəsillərə çatdırmaq və qarşılıqlı əlaqələri daha da genişləndirməkdir.
Deputat özbək ədəbiyyatının tanınmış nümayəndəsi Əbdülhəmid Süleyman oğlu Çolpanın yaradıcılığına diqqət çəkərək onun 130 illik yubileyinin qeyd olunmasını mühüm ədəbi hadisə kimi dəyərləndirib. Bildirib ki, Çolpanın əsərləri özbək ədəbiyyatının sərhədlərini aşaraq bütövlükdə türk xalqlarının mənəvi xəzinəsində özünəməxsus yer tutur. Yubiley çərçivəsində təşkil ediləcək tədbirlər, aparılacaq tədqiqatlar və əsərlərinin müxtəlif türk dillərində nəşri sənətkarın yaradıcılığının daha geniş tanınmasına imkan verəcək.
Çingiz Aytmatovun 100 illik yubileyinin 2028-ci ildə Türk dünyasında qeyd olunmasını da əlamətdar hadisə hesab edən E.Nəsirov vurğulayıb ki, yazıçının yaradıcılığı zaman və məkan sərhədlərini aşan ümumbəşəri məzmun daşıyır. İnsanlıq, milli kimlik, vətən sevgisi və mənəvi məsuliyyət kimi mövzular Aytmatovun əsərlərində xüsusi bədii ifadəsini tapıb. Bu baxımdan onun irsinin ortaq şəkildə təbliği türk xalqlarının mədəni bağlarının möhkəmləndirilməsinə xidmət edir.
Mədəniyyət paytaxtları ilə bağlı qərarların nəticələrinə toxunan deputat Kayserinin və Talasın seçilməsinin həmin şəhərlərin potensialının üzə çıxarılması üçün yeni imkanlar yaradacağını bildirib. Onun sözlərinə görə, mədəniyyət paytaxtı statusu bu şəhərlərə beynəlxalq marağı artırmaqla yanaşı, turizm sektorunun inkişafına və yeni mədəni layihələrin reallaşdırılmasına da təkan verə bilər. Festivallar, elmi toplantılar, sərgilər və konsertlər vasitəsilə müxtəlif türk xalqlarının nümayəndələri arasında birbaşa ünsiyyət və əməkdaşlıq imkanları genişlənəcək.
E.Nəsirov Azərbaycanın da bu prosesdə mühüm mövqeyə malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmiz ortaq mədəni irsin qorunması və təbliği istiqamətində yalnız iştirakçı kimi deyil, həm də bir sıra təşəbbüslərin reallaşdırılmasına töhfə verən tərəf kimi çıxış edir.
Deputat Şuşanın türk dünyasının mədəni həyatında artan rolunu xüsusi vurğulayıb. Şuşada Türk Dünyası Gənc Şairlər Festivalının, Şuşa və Xankəndidə Türk Dünyası Qadın Rəssamları Sərgisinin təşkili, Bakıda isə Türk Dünyası Kitabxanalar Birliyinin yaradılması Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi işlərin əhəmiyyətli nümunələridir.
Onun qənaətinə görə, bütün bu təşəbbüslər türk dövlətləri arasında inteqrasiyanın çoxşaxəli xarakter daşıdığını göstərir. Siyasi və iqtisadi münasibətlərin inkişafı ilə yanaşı, mədəniyyət, ədəbiyyat və incəsənət sahələrində əməkdaşlıq da birliyin möhkəm təməlinə çevrilir. Ortaq irsin tanıdılması isə türk dünyasının beynəlxalq nüfuzunun yüksəlməsinə əlavə imkanlar açır.
E.Nəsirov hesab edir ki, TÜRKSOY-un son qərarlarına yalnız mədəni tədbirlərin təqvimi kimi yanaşmaq olmaz. Bu qərarlar ortaq keçmişdən qaynaqlanan dəyərlərin gələcək nəsillərə ötürülməsi və türk xalqları arasında uzunmüddətli mənəvi həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır. Mədəni irsin qorunması və dünya ictimaiyyətinə təqdim edilməsi türk birliyinin gələcək inkişafı üçün mühüm dayaqdır.
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


