Realist.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə İrəvan-Moskva münasibətləri ilə bağlı açıqlama verib. Baş nazir Ermənistanın heç vaxt Rusiyaya zərər vurmaq niyyətinin olmadığını vurğulayıb.
Nikol Paşinyan çıxışında qarşılıqlı hörmət prinsipinə diqqət çəkib:
“Bizim Rusiyaya zərər vurmaq istəyimiz və ya məqsədimiz heç vaxt olmayıb və olmayacaq. Eyni yanaşmanı Rusiya Federasiyasından da gözləyirik. Biz Rusiyanın suverenliyinə və maraqlarına hörmətlə yanaşırıq, lakin təbii ki, öz suverenliyimizə və maraqlarımıza daha çox hörmət edirik.”
Ermənistan hökumətinin başçısı əlavə edib ki, hazırda iki ölkə arasındakı gərginlik azalmaq üzrədir. Onun sözlərinə görə, mövcud fikir ayrılıqlarına baxmayaraq, rəsmi İrəvanın Moskvaya münasibəti “dostluq xarakteri” daşıyır.
Qeyd edək ki, Nikol Paşinyan dekabrın 3-də Moskvaya işgüzar səfər edəcək. Səfər çərçivəsində Ermənistan baş nazirinin Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli danışıqlar aparacağı planlaşdırılır.
Son illər Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini dondurması və Qərb ölkələri ilə əlaqələri genişləndirməsi fonunda İrəvan-Moskva münasibətlərində müəyyən soyuqluq müşahidə olunurdu. Paşinyanın bu bəyanatı və dekabrın 3-nə planlaşdırılan Moskva səfəri tərəflər arasında diplomatik dialoqun və iqtisadi-siyasi təmasların bərpası istiqamətində atılan addım kimi qiymətləndirilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


