Milli Məclisin deputatı Rövşən Muradov 2027-ci ilin dövlət büdcəsi layihəsini Azərbaycanın iqtisadi dayanıqlığının möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi və strateji inkişaf hədəflərinin maliyyə təminatı baxımından müsbət qiymətləndirib.
Deputat bu barədə Realist.az-a açıqlama verib.
R.Muradov bildirib ki, 2027-ci ilin dövlət büdcəsi layihəsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının maliyyə təminatı, iqtisadi sabitliyin qorunması və dövlətin sosial öhdəliklərinin davamlı icrası baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, büdcə siyasətinin əsas məqsədi mövcud maliyyə imkanlarının ölkənin strateji prioritetlərinə uyğun bölüşdürülməsi, istehsal potensialının genişləndirilməsi və milli iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığının artırılmasıdır. Bu baxımdan büdcənin səmərəliliyi yalnız ayrılan vəsaitlərin həcmi ilə deyil, onların yaratdığı uzunmüddətli iqtisadi və sosial nəticələrlə ölçülməlidir.
Deputat qeyd edib ki, layihənin diqqətçəkən istiqamətlərindən biri qeyri-neft-qaz gəlirlərinin büdcə strukturunda mövqeyinin gücləndirilməsidir. Bu, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı və daxili gəlir mənbələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
O vurğulayıb ki, vergi daxilolmalarının dayanıqlığının təmin edilməsi istehsalın genişləndirilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, rəqabətqabiliyyətli məhsulların ixracı və iqtisadi münasibətlərin şəffaflaşdırılması ilə birbaşa bağlıdır. Dövlət Neft Fondunun vəsaitlərindən istifadə ilə qeyri-neft gəlirlərinin artırılması arasında tarazlığın qorunması isə fiskal müstəqilliyin möhkəmləndirilməsinə xidmət edir.
R.Muradovun fikrincə, büdcə xərclərinin strukturunda sosial müdafiə, təhsil, səhiyyə, müdafiə və təhlükəsizlik istiqamətlərinin prioritet təşkil etməsi dövlətin sosial məsuliyyətinin və milli təhlükəsizlik siyasətinin ardıcıl xarakter daşıdığını göstərir. Xüsusilə insan kapitalının inkişafı, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların real rifahının yaxşılaşdırılması bu siyasətin mühüm tərkib hissələridir.
Deputat əsaslı vəsait qoyuluşlarının iqtisadi artımın keyfiyyətinə təsirini də diqqətə çatdırıb. Bildirib ki, infrastruktur layihələri istehsal xərclərinin azaldılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi və özəl investisiyaların təşviqi baxımından mühüm rol oynayır.
O, Qarabağ və Şərqi Zəngəzurun bərpasının sahibkarlığın inkişafı, yerli istehsalın təşkili və davamlı məşğulluq imkanları ilə əlaqələndirilməsinin Böyük Qayıdış prosesinin iqtisadi əsaslarını daha da möhkəmləndirdiyini qeyd edib. Regionların gəlir potensialının artırılması və yerli iqtisadi imkanların genişləndirilməsi ölkə üzrə tarazlı inkişafın təmin olunmasında mühüm amildir.
R.Muradov, həmçinin büdcə vəsaitlərinin istifadəsində maliyyə intizamının, şəffaflığın və hesabatlılığın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Hesablama Palatasının rəyində əksini tapan məsələlərin nəzərə alınması, dövlət proqramlarının nəticəliliyinin qiymətləndirilməsi və investisiya layihələrinin iqtisadi səmərəliliyinə nəzarətin gücləndirilməsi büdcə icrasının keyfiyyətini yüksəldə bilər.
Deputat hesab edir ki, makroiqtisadi risklərin vaxtında qiymətləndirilməsi və dövlət borcunun məsuliyyətlə idarə olunması da büdcə siyasətinin dayanıqlığı baxımından vacib şərtlərdəndir.
O əlavə edib ki, 2027-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulan tədbirlərin səmərəli icrası Azərbaycanın iqtisadi potensialının genişlənməsinə, sosial rifahın yüksəldilməsinə və uzunmüddətli inkişaf hədəflərinin reallaşdırılmasına mühüm töhfə verə bilər.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


