Gənclər Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi ilin son tədbirlərini Zəngilan, Füzuli və Laçın rayonlarında keçirərək fəaliyyətini başa çatdırıb.
Realist.az-a bu barədə Gənclər Fondundan məlumat verilib.
Məlumata görə, Fondun yaradılmasının 15 illiyi çərçivəsində “Gənclərlə, gənclər üçün” şüarı ilə həyata keçirilən layihə dövlət gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq regionlarda yaşayan gənclərin inkişaf imkanlarını genişləndirməyi, onların təşəbbüslərini dəstəkləməyi və dövlət dəstəyi mexanizmlərindən yararlanmasını asanlaşdırmağı hədəfləyib.
İyun ayında fəaliyyətə başlayan layihə altı ay ərzində ölkənin 20 şəhər və rayonunda 8 mindən çox gənci əhatə edib. Bu müddətdə gənclərin ictimai fəallığının artırılması, yaradıcılıq qabiliyyətlərinin inkişafı və yeni bilik-bacarıqlara yiyələnməsi istiqamətində müxtəlif tədbirlər təşkil olunub.
Laçında keçirilən yekun tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev və Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev layihənin gənclərin sosial və şəxsi inkişafına, ictimai fəallığının yüksəldilməsinə, milli və dövlətçilik dəyərlərinin təşviqinə verdiyi töhfədən danışıblar. Onlar layihənin işğaldan azad edilmiş ərazilərdə də gəncləri əhatə etməsinin xüsusi əhəmiyyət daşıdığını bildiriblər.
Qeyd edilib ki, layihə müddətində gənclər üçün mindən çox fəaliyyət təşkil olunub. Proqramlar “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik” və “Əyləncə” istiqamətlərini əhatə edib.
İştirakçılar maarifləndirici sessiya və təlimlərdə, ustad dərslərində, yaradıcılıq məşğələlərində, intellektual oyunlarda, viktorinalarda və komanda fəaliyyətlərində iştirak ediblər. Bu tədbirlər gənclərin həm şəxsi, həm də peşəkar bacarıqlarının inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə imkan yaradıb.
Layihə Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


