Suriya diplomatiya idarəsindəki mənbələr Suriya və Səudiyyə Ərəbistanı arasında imzalanmış hərbi sazişlərin yalnız təlim, təcrübə mübadiləsi və hərbi məsləhətləşmələr çərçivəsində olduğunu bəyan ediblər.
Realist.az xəbər verir ki, bu barədə Suriyanın SANA informasiya agentliyi məlumat yayıb. Mənbələr husilərə qarşı mübarizə aparmaq üçün suriyalı hərbçilərin bölgəyə göndərilməsi barədə yayılan məlumatları qətiyyətlə təkzib ediblər.
Diplomatik mənbələrin sözlərinə görə, Suriyanın yaxın gələcək üçün əsas prioritetləri ölkənin daxili təhlükəsizliyini möhkəmləndirmək və iqtisadi bərpa prosesinə nail olmaqdır.
Məkkə müdafiə alyansına qoşulma ehtimalı və iddiaların pərdəarxası
Diplomatik mənbə əlavə edib ki, gələcəkdə bu əməkdaşlıq Suriyanın birgə müdafiə haqqında Məkkə Alyansına qoşulması səviyyəsinə qədər inkişaf edə bilər.
Qeyd edək ki, bundan əvvəl “Agence France-Presse” (AFP) agentliyi Yəmən rəsmilərinə istinadən Suriyanın husilərə qarşı mübarizədə beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətini və Ər-Riyadı dəstəkləmək üçün Səudiyyə Ərəbistanı və Yəmənə 10 min hərbçi göndərəcəyini iddia etmişdi.
İddialara görə, bu razılaşma Suriya Prezidenti Əhməd əş-Şaraanın noyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığına viziti zamanı əldə olunmuşdu. Lakin Dəməşq rəsmiləri bu məlumatların həqiqəti əks etdirmədiyini bildiriblər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
