8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və qəhrəmanlığının təcəssümüdür. Bu tarixi Qələbə yalnız hərbi uğur deyil, həm də xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyan, tarixi ədaləti bərpa edən və Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirən mühüm hadisədir.
Milli Məclisin deputatı Jalə Əliyeva bu fikirləri Realist.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Azərbaycan xalqı uzun illər doğma torpaqlarından ayrı yaşamağın ağrısını, ata-baba yurdlarının işğal altında qalmasının acısını yaşayıb. İşğal nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, şəhər və kəndlərimiz dağıdılıb, tarixi-mədəni irsimizə qarşı vandalizm aktları törədilib. Buna baxmayaraq, xalqımız torpaqlarımızın azad olunacağına inamını heç vaxt itirməyib.
Onun sözlərinə görə, bu inamın gerçəkləşməsində güclü dövlətçilik strategiyası, qətiyyətli siyasi iradə və məqsədyönlü ordu quruculuğu mühüm rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın iqtisadi qüdrəti artıb, müasir ordu formalaşıb, hərbi sənaye kompleksi inkişaf edib və ölkəmizin beynəlxalq mövqeləri möhkəmlənib.
J.Əliyeva vurğulayıb ki, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin icra olunmaması, uzun illər davam edən danışıqların nəticəsiz qalması Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını ləngidib. Belə bir şəraitdə Azərbaycan öz taleyini özü həll etmək əzmini nümayiş etdirib.
Deputat bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı Vətən müharibəsinin əsasını qoyub. 44 gün davam edən müharibə Azərbaycan əsgərinin qəhrəmanlığını, peşəkarlığını və yüksək döyüş ruhunu bütün dünyaya nümayiş etdirib.
Onun sözlərinə görə, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və digər yaşayış məntəqələrinin azad edilməsi ilə Azərbaycan Ordusu tarixi torpaqlarımızın işğaldan qurtuluşunu təmin edib. Bu Qələbə xalqın iradəsi, dövlətin qətiyyəti və ordunun gücünün vəhdətinin nəticəsi olub.
J.Əliyeva xüsusilə Şuşanın azad edilməsinin Zəfər tariximizdəki əhəmiyyətini qeyd edib. Bildirib ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması Vətən müharibəsinin taleyini həll edən mühüm hadisələrdən biri olmaqla yanaşı, xalqımızın milli qürurunun və mənəvi gücünün təntənəsinə çevrilib.
Deputat vurğulayıb ki, Şuşa Azərbaycan xalqının milli kimliyinin, mədəniyyətinin və mənəviyyatının rəmzidir. Prezident İlham Əliyevin şəhərin azad olunması ilə bağlı xalqa müraciətində səsləndirdiyi “Şuşa, sən azadsan! Şuşa, biz qayıtmışıq! Şuşa, biz səni dirçəldəcəyik!” sözləri hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacaq.
O bildirib ki, Vətən müharibəsində qazanılan Qələbənin arxasında şəhidlərimizin canı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı dayanır. Bu Zəfər həm də Azərbaycanın informasiya və diplomatik müstəvidə apardığı mübarizənin nəticəsi olub. Prezident İlham Əliyevin beynəlxalq media qurumlarına verdiyi müsahibələr və ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması informasiya müharibəsində mühüm əhəmiyyət daşıyıb.
J.Əliyevanın sözlərinə görə, müharibə dövründə Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşərək misilsiz həmrəylik nümayiş etdirib. Xaricdə yaşayan soydaşlarımız da daxil olmaqla, bütün xalqımız Vətənin müdafiəsi naminə bir yumruq kimi birləşib. “Dəmir yumruq” ifadəsi məhz bu milli birliyin, dövlətçilik iradəsinin və sarsılmaz həmrəyliyin rəmzinə çevrilib.
Deputat qeyd edib ki, Azərbaycanın tarixi Zəfəri 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə yeni mərhələyə qədəm qoyub. Nəticədə ölkəmizin dövlət suverenliyi tam bərpa edilib. Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması dövlətçilik tariximizin əlamətdar hadisələrindən biri kimi yadda qalıb.
J.Əliyeva bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Zəfərin real nəticələrini nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə yollar, tunellər, hava limanları, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri inşa olunur, şəhər və kəndlərimiz yenidən qurulur.
Onun sözlərinə görə, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması tarixi ədalətin bərpasının ən mühüm göstəricilərindəndir. Artıq Qarabağda həyat yenidən canlanır, ailələr öz ata-baba ocaqlarına qayıdır, uşaqlar məktəblərdə təhsil alır, yeni iş yerləri yaradılır.
Deputat şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, onların sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təmin edilməsi, mənzil və reabilitasiya vasitələri ilə təminatı dövlətin qəhrəmanlarına olan ehtiramının ifadəsidir.
J.Əliyeva əlavə edib ki, Zəfər Günü yalnız keçmişdə qazanılmış Qələbəni xatırlamaq deyil, həm də gələcək nəsillər qarşısında məsuliyyəti dərk etmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu tarixi Qələbəni qorumaq, dövlətçiliyimizi daha da möhkəmləndirmək, milli birliyi saxlamaq və azad edilmiş ərazilərin inkişafını təmin etmək hər bir vətəndaşın borcudur.
Deputatın fikrincə, Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində irəli sürdüyü təşəbbüslər də Zəfərdən sonra yaranmış yeni siyasi reallıqların davamıdır.
“8 Noyabr Azərbaycan xalqının tarixində əbədi yaşayacaq. Çünki bu Qələbə xalqımızın öz taleyinə sahib çıxmasının, milli iradəsini və gücünü bütün dünyaya nümayiş etdirməsinin təntənəsidir. Bu gün üçrəngli bayrağımız Qarabağın hər guşəsində dalğalanır. Şuşa azaddır, Xankəndi Azərbaycandır, Qarabağ Azərbaycandır. Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, xalqımız həmrəy olsun!”, – deyə deputat bildirib.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
