EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür. 1992-ci il noyabrın 21-də təsis edilən partiyanın Azərbaycanın müasir siyasi tarixində özünəməxsus yeri var. Həmin dövrün mürəkkəb ictimai-siyasi şəraiti və ölkənin dövlətçilik qarşısında dayanan çağırışları partiyanın yaranmasını şərtləndirən əsas amillərdən olub.

Milli Məclisin deputatı Mircəlil Qasımlı Realist.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin siyasi irsindən və ölkəmizin sonrakı inkişaf mərhələlərindən danışıb.

Deputat bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasında və formalaşmasında Ulu Öndər Heydər Əliyevin tarixi rolu xüsusi əhəmiyyət daşıyır. Onun zəngin dövlətçilik təcrübəsi, siyasi nüfuzu və milli maraqlara əsaslanan baxışları partiyanın təşkilatlanmasında, eləcə də siyasi xəttinin müəyyənləşdirilməsində mühüm rol oynayıb.

M.Qasımlının sözlərinə görə, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin qorunması və ölkədə siyasi sabitliyin təmin olunması istiqamətindəki fəaliyyəti müasir tariximizin mühüm səhifələrindəndir.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan siyasi, iqtisadi və sosial sahələrdə əhəmiyyətli inkişaf yolu keçib. Ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi, iri infrastruktur və enerji layihələrinin həyata keçirilməsi, sosial-iqtisadi inkişaf istiqamətində görülən işlər bu mərhələnin əsas xüsusiyyətlərindəndir.

O, xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının xalqımızın və dövlətimizin tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

M.Qasımlı bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ölkənin gələcək inkişafı üçün yeni imkanlar yaradır.

YAP-ın ölkənin ictimai-siyasi həyatındakı roluna toxunan deputat partiyanın uzun illər ərzində siyasi proseslərdə iştirak etdiyini və Azərbaycanın siyasi sisteminin əsas institutlarından biri kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Deputatın fikrincə, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsi birləşdirən əsas məqsəd müstəqil Azərbaycanın daha da güclənməsi, dövlətçiliyin qorunması, vətəndaşların rifahının yüksəldilməsi və gələcək nəsillərə daha qüdrətli dövlətin ötürülməsi olmalıdır.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın