EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

TRİPP layihəsinin həyata keçirilməsi Cənubi Qafqazda yeni nəqliyyat və iqtisadi əməkdaşlıq imkanları yaratmaqla yanaşı, Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək. Layihənin regional sülhə, Naxçıvanın inkişafına və Türk dünyasının inteqrasiyasına töhfəsi xüsusi əhəmiyyət daşıyır.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva Realist.az-a açıqlamasında TRİPP layihəsinin həyata keçirilməsinin Azərbaycanın milli maraqları, regional sülh və iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub, eyni zamanda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün əlverişli zəmin yaradılıb.

Professorun sözlərinə görə, bölgədə dayanıqlı sülhün bərqərar olması, dövlətlər və xalqlar arasında qarşılıqlı etimadın formalaşması təşəbbüsü də məhz Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb. Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması bütövlükdə Cənubi Qafqaz regionunun inkişafı və tərəqqisi üçün yeni imkanlar aça bilər.

K.Əliyeva vurğulayıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişini paraflaması, eləcə də nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, TRİPP layihəsinin həyata keçirilməsi ilə bağlı əldə olunan razılaşmalar regionun gələcək inkişafı baxımından tarixi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə artıq praktiki addımlar atıb. Ölkəmizin ərazisindən tranzit keçməklə Ermənistana yüklərin daşınması, həmçinin Azərbaycandan Ermənistana benzin və dizel yanacağının göndərilməsi sülh gündəliyinin real addımlarla dəstəkləndiyini göstərir.

Professor ABŞ Prezidenti Donald Trampın TRİPP layihəsinin icrasına başlanması münasibətilə videomüraciətində Azərbaycan Prezidentinə ünvanladığı xoş sözlərin, İlham Əliyevin isə öz növbəsində amerikalı həmkarına təşəkkür etməsinin iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirdiyini bildirib.

O qeyd edib ki, bu, Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə təqdir edilməsinin göstəricisidir.

K.Əliyeva diqqətə çatdırıb ki, TRİPP layihəsinin reallaşması Azərbaycanın milli və dövlət maraqlarına tam cavab verməklə yanaşı, ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa və maneəsiz quru nəqliyyat əlaqəsinin bərpasına imkan yaradacaq.

Onun fikrincə, uzun illər Ermənistanın işğalçılıq siyasətinin yaratdığı nəqliyyat və iqtisadi məhdudiyyətlərlə üzləşən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üçün yeni perspektivlər açılacaq, investisiya imkanları genişlənəcək və Azərbaycanın digər bölgələri ilə iqtisadi əlaqələri möhkəmlənəcək.

Professor əlavə edib ki, layihənin əhəmiyyəti bununla məhdudlaşmır. TRİPP Azərbaycanın Avrasiya məkanında yerləşən dövlətlərlə əlaqələrinin genişlənməsinə, ölkəmizin mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsinə və beynəlxalq yükdaşımaların inkişafına ciddi töhfə verəcək.

K.Əliyevanın sözlərinə görə, layihə Azərbaycan-Türkiyə quru bağlantılarının genişlənməsi, Türk dünyasının inteqrasiyasının güclənməsi, eləcə də Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Bu proses ölkəmizin iqtisadi potensialının artmasına və regional mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.

O vurğulayıb ki, TRİPP yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın və Avrasiya məkanında yerləşən dövlətlərin iqtisadi maraqlarına xidmət edən strateji layihədir.

Professor fikirlərini belə yekunlaşdırıb: TRİPP layihəsinin icrasına başlanması Azərbaycanın böyük tarixi Zəfərinin və diplomatik qələbəsinin məntiqi davamı, ölkənin iqtisadi nailiyyətlərinin möhkəmləndirilməsinin parlaq təzahürüdür.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın