Avropada 7 sərnişin təyyarəsində bomba təhdidi: Təcili təxliyə və qırıcıların müşayiəti

Avropada, ikisi Böyük Britaniyadan havalanan daxil olmaqla, ümumilikdə 7 sərnişin təyyarəsi bomba təhlükəsi şübhəsi ilə təcili yoxlanılıb.

Realist.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, “Ryanair” aviaşirkətinə məxsus Dublin və Lissabondan uçan iki təyyarə anonim zənglərdən sonra Romaya eniş edərkən yoxlanılıb. Fiumino hava limanındakı mənbələr bildirib ki, mütəxəssislərin axtarışı nəticəsində heç bir partlayıcı maddə tapılmayıb. Dublindən gələn təyyarə eniş edənə qədər İtaliya Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən müşayiət olunub.

Analoji yoxlamalar Polşa, İspaniya və Bolqarıstanda da həyata keçirilib. Polşada Varşava Şopin hava limanına istiqamətlənən iki təyyarə, eləcə də Mançesterdən İspaniyanın Mursiya şəhərinə uçan reys ciddi yoxlanışdan keçirilib. Sərnişinlərin, baqajın və təyyarənin yoxlanılması mənfi nəticə verib və həyəcan siqnalı ləğv edilib.

Sərnişinlərdən biri uçuş zamanı təhlükədən xəbərsiz olduqlarını bildirib: “Bizə uçuş vaxtı heç nə demədilər. Təyyarə qəfil dayandı və biz təxminən 30 dəqiqə uçuş-eniş zolağında gözlədildik”.

Müxtəlif ölkələrin hüquq-mühafizə orqanları baş verənlərin hava məkanını iflic etməyə yönəlmiş koordinasiyalı təxribat hücumu olub-olmadığını araşdırmaq üçün birgə əməkdaşlıq edəcəklər. Böyük Britaniya hökuməti baş verənləri “bədxah yalan həyəcan siqnalı” adlandıraraq, ölkənin aviasiya təhlükəsizliyi sisteminin bu tür təhdidlərə tam hazır olduğunu bəyan edib.

Aviasiya təhlükəsizliyi üzrə ekspert Pol Meyson bu cür zənglərin eyni vaxtda geniş spektri əhatə etməsinin təsadüfi olmadığını, sistemli və qəsdən planlaşdırılmış bir addım təsiri bağışladığını vurğulayıb.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın