
Müasir dövrdə rəqəmsal texnologiyaların ailədaxili münasibətlərə təsiri, uşaqların internet təhlükəsizliyi və onlayn məkanda hüquqlarının qorunması məsələləri müzakirə olunub.
Bakı 29 saylı Mediasiya Təşkilatından Realist.az bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura və Bakı 29 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Rəqəmsal həyatın ailəyə təsiri: hüquqi və sosial yanaşmalar” mövzusunda tədbir keçirilib.
Tədbirin məqsədi rəqəmsal mühitin ailə münasibətlərinə təsirini araşdırmaq, uşaqların onlayn təhlükəsizliyinin təmin olunması və internet məkanında baş verən hüquq pozuntularına qarşı mübarizə yollarını müzakirə etmək olub.
Açılış mərasimində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Dövlət Komitəsinin Analitik təhlil və informasiya şöbəsinin müdiri Elgün Səfərov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İctimai Şuranın üzvü Qəmərxanım Cavadlı çıxış ediblər.
Çıxışlarda rəqəmsallaşma şəraitində ailə dəyərlərinin qorunmasının, eləcə də dövlət və cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirin panel müzakirələrində müxtəlif sahələri təmsil edən mütəxəssislər rəqəmsal dünyanın yaratdığı sosial və hüquqi çağırışlarla bağlı məruzələr təqdim ediblər.
ICF-in Azərbaycan bölməsinin prezidenti, PCC sertifikatlı mütəxəssis Ebru Kaya Çaymaz “Virtual dünya, real münasibətlər: rəqəmsal mühit ailədə nəyi dəyişir?” mövzusunda çıxışında texnologiyaların ailədaxili ünsiyyətə psixoloji və sosial təsirlərini izah edib.
Vəkillər Kollegiyasının üzvü Şəbnəm Tağıyeva süni intellekt və sosial media mühitində uşaqların qarşılaşdığı təhlükələr, onların rəqəmsal təhlükəsizliyinin təmin olunması yolları barədə danışıb.
Bakı 29 saylı Mediasiya Təşkilatının direktoru, mediator və hüquqşünas, İctimai Şuranın sədr müavini Venera Əsgərova ailə mübahisələrinin mediasiya yolu ilə həllinin üstünlüklərini diqqətə çatdırıb. O, münaqişələrin məhkəməyə müraciət etmədən, qarşılıqlı razılıq əsasında tənzimlənməsinin əhəmiyyətini vurğulayıb.
Vəkil və auditor, hüquq üzrə fəlsəfə doktoru Vüsalə Muradxanlı isə kiberbullinq, rəqəmsal məkanda hüquq pozuntuları və vətəndaşların hüquqi müdafiə imkanları haqqında məlumat verib.
Tədbir iştirakçıların sualları və mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


