Milli Məclisin deputatı Kamal Cəfərov Realist.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, tarixi missiyasından və müasir dövrdə qarşısında duran vəzifələrdən danışıb.
Deputat bildirib ki, partiyanın yaranması təsadüfi hadisə olmayıb. Həmin dövrdə ölkədə hökm sürən gərginlik və siyasi qeyri-müəyyənlik cəmiyyətdə yeni siyasi təşkilatlanmaya ehtiyac yaratmışdı. AXC-Müsavat hakimiyyətinin fəaliyyəti, idarəetmədəki səriştəsizlik və ölkədə yaranmış anarxiya mühiti Azərbaycanın gələcəyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu.
Kamal Cəfərovun sözlərinə görə, məhz belə bir şəraitdə ölkənin taleyini düşünən insanlar Azərbaycanın böhrandan çıxarılması naminə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ətrafında birləşdilər. Dövrün reallıqlarını nəzərə alaraq “91-lər”in müraciətini qəbul edən Heydər Əliyev ölkənin qorunması və inkişafının təmin edilməsi istiqamətində tarixi missiyanı üzərinə götürdü.
Deputat partiyanın sonrakı inkişafında siyasi varislik və ardıcıllığın əhəmiyyətinə də toxunub. O bildirib ki, hər hansı siyasi təşkilatın uzunömürlü olması yalnız onun keçmiş fəaliyyətindən deyil, dəyişən dövrün tələblərinə uyğunlaşmaq bacarığından da asılıdır.
Onun sözlərinə görə, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni zirvələrə doğru inamla addımlayır.
Kamal Cəfərov ölkəmizin suverenliyinin tam bərpasından sonra yaranan yeni siyasi reallıqların partiyaların qarşısında da fərqli vəzifələr qoyduğunu diqqətə çatdırıb. Deputat qeyd edib ki, seçkilərdə qazanılan etimad və qurultayda qəbul edilən yeniliklər partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir.
O vurğulayıb ki, əsas məsələ qəbul edilən qərarların və sənədlərin gündəlik fəaliyyətdə real nəticələr verməsidir. Cəmiyyətlə açıq dialoqun qurulması, səmimi münasibətlərin qorunması və ictimai etimadın davamlı şəkildə möhkəmləndirilməsi siyasi fəaliyyətin mühüm şərtlərindəndir.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


