EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Türk dünyasında mədəni əlaqələrin genişləndirilməsi, ortaq tarixi və ədəbi irsin qorunaraq gələcək nəsillərə çatdırılması xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə verir. TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının 43-cü iclasında qəbul edilən qərarlar, Bakıda Türk Dünyası Kitabxanalar Birliyinin təsis edilməsi, Şuşada keçirilən beynəlxalq mədəni tədbirlər, eləcə də Kayseri və Talas şəhərlərinin Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi bu əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir.

Milli Məclisin deputatı Könül Nurullayeva Realist.az-a açıqlamasında bildirib ki, TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının Özbəkistanın Əndican şəhərində keçirilən 43-cü iclası türk dövlətləri arasında mədəni əlaqələrin daha da dərinləşdirilməsi baxımından mühüm platformadır.

Deputatın sözlərinə görə, iclasda gələcək birgə layihələrin həyata keçirilməsi, ortaq ədəbi irsin təbliği, türk xalqlarının folklorunun, musiqisinin, ənənələrinin və tarixi abidələrinin qorunaraq gələcək nəsillərə çatdırılması məsələləri diqqət mərkəzində olub. Türk dövlətləri mədəniyyəti ortaq siyasi, humanitar və sivilizasiya bağlarını gücləndirən strateji amil kimi qiymətləndirirlər.

K.Nurullayeva Azərbaycanın TÜRKSOY çərçivəsində fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, ölkəmiz təşkilatın yaradılmasından etibarən türk xalqlarının mədəni birliyinin möhkəmləndirilməsinə, ortaq irsin qorunmasına və beynəlxalq səviyyədə tanıdılmasına ardıcıl töhfələr verir.

O bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin təşkili Azərbaycanın türkoloji elmin inkişafındakı tarixi rolunu bir daha ön plana çıxarır. Eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda keçirilən beynəlxalq mədəni tədbirlər, Şuşanın türk dünyasının mədəni platformalarından birinə çevrilməsi ortaq irsin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Deputat Bakıda Türk Dünyası Kitabxanalar Birliyinin təsis edilməsini də mühüm təşəbbüs kimi dəyərləndirib. Onun fikrincə, bu birlik türk dövlətlərinin kitabxanaları arasında əlaqələrin sistemli inkişafına, kitab və elmi nəşrlərin mübadiləsinə, ortaq elektron informasiya resurslarının formalaşdırılmasına, eləcə də türk xalqlarının ədəbi nümunələrinin qarşılıqlı tərcüməsinə geniş imkanlar yaradacaq.

K.Nurullayeva Şuşada keçirilən II Türk Dünyası Gənc Şairlər Festivalının, Şuşa və Xankəndidə təşkil olunan Türk Dünyası Qadın Rəssamları Sərgisinin də mədəni əməkdaşlığa mühüm töhfə verdiyini vurğulayıb. Bildirib ki, uzun illər işğal altında qalmış Azərbaycanın mədəniyyət paytaxtı bu gün türk dünyasının yaradıcı insanlarını bir araya gətirir. Bu, Qarabağın mədəni həyatının bərpasının və Şuşanın beynəlxalq mədəni əlaqələr sisteminə inteqrasiyasının göstəricisidir.

Deputat Kayseri və Talas şəhərlərinin Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsinin də mühüm əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, Kayserinin 2027-ci ildə bu statusu daşıması şəhərin beynəlxalq səviyyədə tanınmasına, turizm imkanlarının genişlənməsinə və mədəniyyət sahəsinə investisiyaların cəlb edilməsinə müsbət təsir göstərə bilər. 2028-ci ildə bu statusun Qırğızıstanın Talas şəhərinə verilməsi isə türk dünyasının tarixi yaddaşının və ortaq mədəni dəyərlərinin təbliği baxımından əhəmiyyətlidir.

K.Nurullayeva 2027-ci ilin “Çolpan ili”, 2028-ci ilin isə “Çingiz Aytmatov ili” elan edilməsini türk xalqlarının ədəbi irsinin beynəlxalq miqyasda tanıdılması baxımından mühüm qərar adlandırıb.

O bildirib ki, 2027-ci ildə özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulhamid Süleyman oğlu Çolpanın yaradıcılığına diqqətin artırılması, 2028-ci ildə isə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 100 illiyinin qeyd edilməsi ortaq ədəbi-mədəni sərvətlərin daha geniş auditoriyaya çatdırılmasına xidmət edəcək.

Deputat vurğulayıb ki, türk dünyasının yazıçılarını, şairlərini və mütəfəkkirlərini tanıtmaqla xalqlar arasında mənəvi bağlar möhkəmləndirilir, türk sivilizasiyasının dünya mədəniyyətindəki yeri və rolu daha geniş şəkildə təqdim olunur.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın