Media və Yayım Şurasında “Azərbaycan mediasının Vətən müharibəsi salnaməsi” mövzusuna həsr olunmuş dəyirmi masa təşkil edilib.
Realist.az xəbər verir ki, tədbirdə Vətən müharibəsində birbaşa iştirak edən jurnalistlər, tələbələr və ictimaiyyət nümayəndələri bir araya gəliblər.
Natiq Məmmədli: “Jurnalistlərimiz həm döyüşdülər, həm də Zəfər salnaməsi yazdılar”
Tədbirdə çıxış edən Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli Vətən müharibəsinin Azərbaycan jurnalistikası üçün böyük bir sınaq olduğunu vurğulayıb:
“Həm informasiya savaşında, həm də döyüş meydanında jurnalistlərimiz iştirak etdilər, qarşıya qoyulan məqsədlərə nail olundu. Torpaqlarımızın azad olunmasında onların da xidmətlərinin olduğu qeyd edilməlidir. İstər Birinci Qarabağ savaşında, istərsə də Vətən müharibəsində şəhid olan jurnalistlərimiz var. İkinci Qarabağ müharibəsindən sonra Kəlbəcərdə peşə fəaliyyətlərini yerinə yetirən zaman AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov şəhid oldu. Jurnalistlərimiz zəfərimiz üçün həm döyüşdülər, həm də salnamələr yazdılar”.
N.Məmmədli həmçinin Prezident İlham Əliyevin müharibə dövründə 30-dan çox xarici ölkə mediasına müsahibə verərək informasiya blokadasını darmadağın etdiyini xatırladıb:
“Birinci Qarabağ müharibəsində biz təklənmişdik, səsimiz eşidilmirdi, Azərbaycan informasiya blokadasında idi. İkinci Qarabağ müharibəsində isə Azərbaycanın səsi dünyanın hər yerindən eşidildi. Azərbaycan jurnalistləri vəzifə borclarını layiqincə yerinə yetirə bildilər. Azərbaycan dövləti məhz belə fədakarlıq göstərmiş jurnalistlərimizin, həmkarlarımızın fəaliyyətini yüksək qiymətləndirərək onları orden və medallarla təltif etdi”.
Müharibə iştirakçısı olan jurnalistlərin xatirələri
Rəsmi çıxışlardan sonra Vətən müharibəsi dövründə medianın fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra döyüşlərdə iştirak etmiş jurnalistlər — İlham Tumas, Mayıl Əsgərov, Məğrur Əli Polad və Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə çıxış edərək keçdikləri şərəfli döyüş yolu və Zəfər xatirələrini bölüşüblər.
Müharibənin ən qızğın nöqtələrindən operativ reportajlar hazırlayan jurnalistlər Fərdin İsazadə və Araz Xan da çıxış edərək ön cəbhədə peşə fəaliyyətinin çətinliklərindən və məsuliyyətindən danışıblar. Tədbir qarşılıqlı müzakirələrlə yekunlaşıb.



© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
