Polşa parlamentində Çin eynəyi qalmaqalı: Deputatın Pekinə casusluq etdiyindən şübhələnirlər
Polşa Seyminin (parlamentin aşağı palatası) müxalifətçi deputatı Soxayko iclas zalında istifadə etdiyi texnoloji aksesuara görə ölkə mətbuatının və kəşfiyyat dairələrinin hədəfinə gəlib.
“Realist.az”ın məlumatına görə, deputatın parlament iclaslarına Çinin “Even Realities” brendinə məxsus, daxili telesuflyorla təchiz olunmuş ağıllı eynəklə qatılması Polşa KİV-lərində geniş rezonansa səbəb olub. Siyasətçi Çin xüsusi xidmət orqanlarına gizli məlumat ötürməkdə şübhəli bilinir.
Deputat casusluq ittihamlarını rədd edir
Deputat Soxayko ağıllı eynəkdən istifadə etdiyini gizlətmir və bunu sırf rahatlıqla izah edir. O bildirib ki, eynəkdəki telesuflyor funksiyası ictimai çıxışlar zamanı tezisləri rahat oxumağa imkan verir və cihazdan istifadə etməkdə heç bir zərərli məqsəd güdmür.
Polşa mediası və ekspertlər həyəcan təbili çalır
Hadisənin ardınca Polşanın aparıcı telekanalları eynəyin mikrofon və digər sensorları vasitəsilə parlamentdəki gizli müzakirələrin, məxfilik daşıyan danışıqların birbaşa Çin xalq respublikasının (ÇXR) xüsusi xidmət orqanlarına ötürülməsi riski barədə reportajlar hazırlayıblar.
Məsələyə münasibət bildirən ekspertlər və xüsusi xidmət orqanlarının istefada olan əməkdaşları xəbərdarlıq ediblər ki, Çin istehsalı olan bu tipli kiber-cihazlar dövlət təhlükəsizliyinə ciddi təhdiddir. Onlar Seym rəhbərliyinə müraciət edərək parlament binasında Çin istehsalı olan texnoloji qurğuların istifadəsinə təcili qadağa qoyulmasını tələb ediblər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
